İspaniyanın Fuenxirola şəhərində cüdo üzrə gənclər arasında Avropa kuboku yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.
Oğlanların yarışında 50 kq çəki dərəcəsində Rövşən Əliyev, 55 kq çəki dərəcəsində Vüsal İbrahimov, 60 kq çəki dərəcəsində isə Elçin Hüseynov qızıl medal qazanıblar. Rüfət Məmmədov, Yaşar Nəcəfov və Murad Fətiyev isə bürünc medallara layiq görülüblər. Qızlardan Şəfəq Həmidova 44 kq çəki dərəsində gümüş, Gültac Məmmədəliyeva isə 48 kq çəkidə bürünc medal əldə ediblər.
Yarışın ilk gününün nəticələrinə görə Azərbaycan komandası 8 medalla şəriksiz liderdir. İkinci və üçüncü yerlərdə İspaniya və İtaliya komandalarıdır.
Fevralın 13-14-də keçirilən yarışlarda 21 ölkəni təmsil edən 306 idmançı iştirak edir. Azərbaycanı yarışlarda baş məşqçi Elçin İsmayılovun rəhbərliyi ilə 14 cüdoçu (8 oğlan, 6 qız) təmsil edir.