Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyində 328 cüdoçu qüvvəsini sınayıb. Paytaxt və bölgələri təmsil edən cüdoçuların iştirakı turniri daha maraqlı edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 1 saylı Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər idman məktəbinin yetirmələri də (qızlar və oğlanlar) qalib adı uğrunda yarışıblar.Turnirdə bu idman ocağının 8 yeniyetmə cüdoçusu mükafatçılar sırasında yer alıb. 55 kq çəki dərəcəsində yarışan Murad Əlizadə bütün görüşləri qalib kimi başa vuraraq birinci yeri tutub. Onun komanda yoldaşı Mətin Rzazadə isə 50 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 1 saylı ROEUGİM-in dörd cüdoçusu ölkə birinciliyinin gümüş mükafatını qazanıb. Elcan Hacıyev (55 kq), Sabir Səfərov (42 kq), Süleyman İbişov (60 kq) və Fidan Rəhimova (63 kq) ikinci yerdə qərarlaşıblar. Məktəbin təmsilçiləri ölkə birinciliyinin iki bürünc medalına da (Könül Abdullayeva və Emil Əliyev) sahib çıxıblar.
Beləliklə, 1 saylı ROEUGİM-in idmançıları Azərbaycan birinciliyini 2 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurublar.
Yeri gəlmişkən deyək ki, idman ocağının ağırlıqqaldıranları da bu yaxınlarda keçirilən Azərbaycan çempionatında rəqiblərini üstələyiblər. Təcrübəli idmançı, ağırlıqqaldırma üzrə Avropa çempionu Əfqan Bayramov (77 kq) fəxri kürsünün birinci pilləsində yer alıb. Onun komanda yoldaşı Allahyar Abışov (62 kq) isə öz çəki dərəcəsində yüksək nəticə göstərərək Azərbaycan çempionu tituluna layiq görülüb.