Avstriyanın Obervart şəhərində cüdo üzrə kişilər arasında açıq Avropa çempionatı keçirilib. Olimpnews.az saytının məlumatına görə, 48 ölkədən 241 idmançının mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da iştirak ediblər. Çempionatda ölkəmiz 20 idmançı ilə təmsil olunub. Yarışların birinci günü cüdoçular 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində güclərini sınayıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinlinin çıxışı uğurlu alınıb. Millimizin cüdoçusu ilk qarşılaşmada monakolu Yan Sikkardı məğlub edib. Növbəti mərhələdə Kanadalı Serxio Pessonu mübarizədən kənarlaşdıran Vüqar 1/4 finalda braziliyalı Erik Takabatake üzərində qələbə qazanıb. Təəssüf ki, cüdoçumuz yarımfinalda avstriyalı idmançı, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lüdviq Peyşerə məğlub olub. Üçüncü yer uğrunda görüşə çıxan Vüqar Şirinli Qırğızıstan cüdoçusu Otar Bestaevə qalib gələrək mötəbər turnirin bürünc medalını qazanıb.
Eyni çəki dərəcəsində tatamiyə çıxan idmançımız Davud Məmmədsoy isə beşinci yerlə kifayətlənməli olub. Bu çəki dərəcəsində qüvvəsini sınayan digər iki idmançımız - Elbrus Zamanov və Oruc Vəlizadə yarışı daha erkən mərhələdə dayandırmalı olublar. 66 kq çəki dərəcəsində yarışan Telman Vəliyev, Rəşad Rufullayev və Turan Seyidov ilk mərhələdəcə məğlub olaraq turnirlə vidalaşıblar.
73 kq çəki dərəcəsində döyüşən Fəqan Quluzadə beşinci yeri tutub. Eyni çəki dərəcəsində yarışan İsmayıl Piriyev və Vüqar Bayramov mübarizəni erkən dayandırıblar.
Yarışların sonuncu günündə çəkisi 81 kq, 90 kq, 100 kq və +100 kq olan cüdoçular mübarizə aparıblar. Komandamızın üzvü Uşangi Kokauri yarışların son günündə qızıl medal qazanıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri əvvəlcə ekvadorlu Freddi Fiqueroaya, daha sonra yerli idmançı Daniel Allerstorferə qalib gəlib. Növbəti mərhələdə monqolustanlı Temulen Battulqanı məğlub edən təmsilçimiz yarımfinalda kubalı Qarsia Mendozadan güclü olub. Final qarşılaşmasında Rusiya təmsilçisi Aslan Kambiyevə qalib gələn Uşangi Kokauri qızıl medala layiq görülüb.
90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 5-ci, Şahin Qəhrəmanov isə 7-ci yer tutub. 100 kq çəki dərəcəsində yarışan Cəlil Şükürov 5-ci yerdə qərarlaşıb. Digər cüdoçularımız - Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev, (hər ikisi 90 kq) mübarizəni erkən dayandırıblar.
Beləliklə, Azərbaycan millisi açıq Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanaraq ümumi komanda hesabında ikinci yeri tutub. Aktivində iki qızıl və bir gümüş medal olan Monqolustan yığması birinci olub. Bir qızıl və bir bürünc medal qazanan İran komandası üçüncü yerə sahib çıxıb.