Çexiyanın paytaxtı Praqada keçirilən kişilər arasında açıq Avropa çempionatına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, 52 ölkədən 268 cüdoçunun qüvvəsini sınadığı yarışda Azərbaycan millisi də mübarizə aparıb. 2 gün davam edən yarışda yığmamız 9 idmançı ilə təmsil olunub. Komandamızın baş məşqçisi Peter Zeyzenbaher Praqada əsasən gənc cüdoçulara şans verib. Yarışın birinci günündə Azərbaycan milli komandasının 5 üzvü qüvvəsini sınayıb. 60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy 1/4 finala gedən yolda litvalı Andrey Kolokov, mərakeşli Məhəmməd Cafi və israilli Daniel Ben Davidi məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Sedrik Revola məğlub olan cüdoçumuz təsəlliverici görüşlərdə mübarizəsini davam etdirib. Lakin ilk qarşılaşmasında İsrail cüdoçusu Yoav Şemeşə uduzaraq açıq Avropa çempionatında 7-ci olub.
Digər cüdoçularımız - Sadiq Məhərrəmov (60 kq), İlkin Babazadə, Rəşad Rufullayev və Turan Seyidov (hər üçü 66 kq) ilk mərhəldə məğlub olmaqla turnirlə vidalaşıblar.
Yarışın sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Beləki, cüdoçularımız milli komandamızın aktivinə 2 medal yazdırmağı bacarıblar. 90 kq çəki dərəcəsində tatamiyə çıxan Məmmədəli Mehdiyev ilk görüşündə hollandiyalı Riko Harderə qalib gəlib. Növbəti mərhələdə finlandiyalı Samuli Vitaneni də üstələyən cüdoçumuz 1/4 finalda litvalı Karolis Bauzanı məğlub edib. İdmançımız yarımfinalda polşalı cüdoçu Patrik Çexomski üzərində təmiz qələbə qazanaraq finala çıxıb. Həlledici gürüşdə İspaniya təmsilçisi David Ruisi məğlub edən Məmmədəli Mehdiyev açıq Avropa çempionatının qızıl medalını qazanıb. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri yarışa Qazaxıstan təmsilçisi Dauren Nuralinov üzərində təmiz qələbə qazanaraq başlayıb. 1/4 finalda monqolustanlı Temulen Battulqaya uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak etmək hüququ əldə edib. Millimizin üzvü ilk qarşılaşmasında fransalı Həmzə Ouçani üzərində qələbə qazanıb. İkinci görüşündə Ukrayna cüdoçusu Andri Kolesnikə də qalib gələn Uşangi Kokauri mötəbər turnirin bürünc medalına sahib çıxıb. Digər cüdoçularımız - Ziya Namazov (81 kq) və Ramin Qurbanov (90 kq) mübarizəni erkən dayandırıblar.
Beləliklə, Praqada bir qızıl və bir bürünc medal qazanan millimiz komanda hesabında ikinci yeri tutdu. Çexiya komandası 2 qızıl, 1 gümüş və 1 bürünc medalla birinci yerə layiq görülüb. Aktivində 1 qızıl və 1 bürünc olan İtaliya komandası üçüncü olub.
Praqada keçirilən cüdo üzrə açıq Avropa çempionatı Azərbaycan üçün daha bir hadisə ilə də əlamətdar olub. Belə ki, beynəlxalq dərəcəli hakimimiz, Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Fariz Hüseynov Praqada ədaləti qoruyanlar sırasında yer alıb.