Azərbaycanda kifayət qədər populyarlıq qazanmış idman növlərindən biri də cüdodur. Sevindirici haldır ki, hazırda bütün şəhər və rayonlarımızda yüzlərlə uşaq və yeniyetmə müxtəlif klublarda qədim tarixə malik olan cüdonun sirlərinə dərindən yiyələnirlər. Xüsusilə də paytaxtımızda son zamanlar cüdo klublarının sayı artmaqdadır.
Olimpnews.az saytının məlumatına görə, Əhmədli qəsəbəsində yerləşən "Ruslan” idman klubu da cüdonun inkişafı istiqamətində fəaliyyət göstərir. Kluba 5 yaşından yuxarı uşaqlar qəbul olunur. Onlar burada təcrübəli məşqçilər Telman Əhmədli, Mehman Allahverdiyev, Rəşad Şıxəliyev və Pərvin Hüseynovun rəhbərliyi ilə gələcəyin layiqli idmançıları kimi yetişirlər. İdman ocağında nizam-intizama da ciddi fikir verilir.
Məşqçilərin bildirdiyinə görə, kiçikyaşlı uşaqların valideynləri ilə əlaqə saxlanılır, onların qidaları, gündəlik həyatları diqqət mərkəzində olur. Təcrübəli mütəxəssis Telman Əhmədli hesab edir ki, hər bir məşqçi öz yetirməsinin gündəlik həyatı ilə maraqlanmalıdır. "Şəxsən mən tələbələrimin gigiyenası, sağlamlığı ilə ciddi şəkildə maraqlanıram. Yetirmələrimin nizam-intizam qaydalarına, davranışlarına nəzarət edirəm. Çünki idmançı intizamlı olarsa, məşqçinin tövsiyələrinə əməl edərsə, o, mütləq uğur qazanacaq. Digər tərəfdən, cüdo başqa idman növlərindən çox fərqlənir. Burada adi bir səhv idmançının məğlubiyyəti ilə nəticələnə bilər. Ona görə də şagirdlərə qələbənin necə çətinliklərlə əldə olunduğunu izah edir, çalışırıq ki, onlar yarışlarda məğlubiyyətlə nəticələnə biləcək hərəkətlərə yol verməsinlər. Ümumiyyətlə qeyd edim ki, klubumuzda məşqlərə yazılan hər bir uşağın sağlamlığının qorunması bizim üçün ən vacib amildir. Yetirmələrimizin valideynlərini tez-tez kluba dəvət edirik. Onlar burada keçirilən məşqlərə baxır, uşaqlarında olan irəliləyişlə tanış olurlar”, - deyə o bildirdi.
Qeyd edək ki, gənclərdən ibarət milli komandamızın üzvü Arif Şahlarov, qadınlardan ibarət yığmamızın aparıcı idmançısı Şəfəq Məmmədova, respublika və beynəlxalq səviyyəli turnirlərdə uğurla çıxış edən Nihat Ələsgərli, Nurlan Osmanov bu məktəbin yetirmələridir. "Ruslan” cüdo klubunun yetirmələrinin naliyyətləri haqda daha ətraflı məlumat almaq üçün Rəşad müəllimlə söhbət etdik. O qeyd etdi ki, peşəkar idmançı olmaq heç də asan deyil. "Bunun üçün gərək uzun illər məşq prosesi keçəsən. Bəzi uşaqlar cəmi bir neçə ay məşğul olduqdan sonra məşqlərdən uzaqlaşırlar. Bunu isə iradə çatışmazlığı, məşq zamanı ayağın burxulması kimi adi bir zədə, elə ilk yarışda uğursuzluğa düçar olmaqla həvəsdən düşmək kimi amillərlə əlaqələndirmək olar. Ona görə də biz hər bir şagirdimizdə tatamiyə ilk dəfə ayaq basdığı andan etibarən əlavə həvəs yaratmağa çalışırıq. Onlara Olimpiya çempionlarımız Nazim Hüseynovu, Elnur Məmmədlini, tanınmış tatami ustalarımız Orxan Səfərovu, Nicat Şıxəlizadəni, Elxan Məmmədovu, Kifayət Qasımovanı və başqalarını nümunə göstəririk. Bugün yığma komandanın tərkibində olan yetirmələrimizin böyük əksəriyyəti "Qəbələ” klubunu təmsil edir. Yetirmələrimizin hansı klubda yer almasından asılı olmayaraq onların nəticələri həmişə bizi sevindirir. Hiss edirik ki, illərlə çəkdiyimiz zəhmət hədər getməyib”, - deyə o əlavə etdi.
Şübhəsiz ki, yaxşı idmançı olmaq üçün təkcə texniki-taktiki və fiziki hazırlıq kifayət etmir. Eyni zamanda idmançının psixoloji hazırlığı da qaydasında olmalıdır. Bunun üçün uşaqlarda ilk növbədə güclü xarakter yaratmaq vacibdir. Məşqçilərlə söhbət zamanı öyrəndik ki, uşaqları böyük yarışlara hazırlamaq məqsədilə klub tərəfindən ildə bir neçə dəfə "Əhmədli-cup” turniri keçirilir. Məşqçilərin fikrincə, cəmi üç-dörd ay əvvəl məşqə başlamış uşağı birdən-birə respublika turniri kimi yarışlara çıxarmaq olmaz. Əvvəlcə onları müxtəlif turnirlərdə sınaqdan keçirmək lazımdır. "Ruslan” cüdo klubunun təşkil etdiyi "Əhmədli-cup” turnirləri birbaşa bu məqsədə xidmət edir. Onu da deyək ki, klubun idmançıları müntəzəm olaraq Qəbələ, İsmayıllı kimi rayonlarda təlim-məşq toplanışı keçirlər. Biz klubda olarkən kiçik yaşlı idmançıların məşq prosesi ilə tanış olduq. Onların fəndlər üzərində əzmlə çalışmaları, verilən tapşırıqları həvəslə icra etmələri bizdə əminlik yaratdı ki, bu cüdoçular gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcəklər.