Daha bir cüdoçumuz lisenziya qazanmağa yaxındır

Daha bir cüdoçumuz lisenziya qazanmağa yaxındır

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, tərtib olunan yeni siyahını Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu saymaq olar. Ötən siyahıda olduğu kimi, bu dəfə də cüdoçularımızdan 4-ü ilk "onluqda” qərarlaşıb. Təmsilçilərimizdən ən yaxşı nəticə Elmar Qasımova (100 kq) məxsusdur. Aktivində 2490 xal olan təmsilçimiz siyahıya başçılıq edir. Digər cüdoçumuz Rüstəm Orucov (73 kq) reytinq sıyahısının ikinci pilləsində yer alıb. Onun aktivində 2442 reytinq xalı var. Birinci Avropa Oyunlarının gümüş mükafatçısı Orxan Səfərov (60 kq) da mövqeyin qoruyub. Aktivində 1934 xal olan idmançımız reytinq cədvəlinin dördüncü pilləsindədir.

Orxan Səfərovla eyni çəkidə yarışan İlqar Müşkiyev 1196 xalla 14-cüdür. Komandamızın digər aparıcı üzvü Nicat Şıxəlizadə (66 kq) isə 1442 xalla 6-cı pillədə qərarlaşıb. Ağır çəkili idmançımız Uşangi Kokauri (100+ kq) də reytinq siyahısında irəliləməyi bacarıb. Son yarışlarda uğurla çıxış edən cüdoçumuz üç pillə irəliləyərək 30-cu sıraya yüksəlib. İdmançımız bu nəticə ilə Rio Olimpiadasına lisenziya qazanmağa çox yaxındır. Əgər Uşangi Kokauri lisenziya yarışları başa çatana qədər mövqeyini daha da yaxşılaşdırarsa, dördilliyin zirvə yarışında ölkəmizi təmsil edə bilər. Məlumat üçün qeyd edək ki, hazırkı reytinq siyahısına əsasən 4 cüdoçumuz Rio-de Janeyroda təşkil olunacaq Olimpiya Oyunlarına lisenziyanı, demək olar ki, təmin edib.

Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya Oyunlarına lisenziya reytinq xalına əsasən verilir.