Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşündə uğurla çıxış edərək yarışı 2 qat çempion kimi başa vurub. Dünyanın ən güclü kollektivlərini qabaqlamaqla komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxan "Synergy Baku”, həm də yürüşün ən qiymətli köynəyinə sahib olub.
"Olimpnews.az” Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4-cü mərhələdən etibarən yarış liderinə verilən "qırmızı köynəy”i ələ keçirən Matiya Kvasina bu üstünlüyü qoruyub və komanda hesabında liderliyi qoruyan "Synergy Baku”nun velosipedçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər. 158 km-dən ibarət sonuncu, 6-cı mərhələdə Matiya Kvasina finişi 21-ci keçsə də, ümumi təsnifatda ilk pillədə yerini qoruyub və ən yaxın izləyicisi, Rusiyanın "Tinkoff” Dünya Turu klubunun üzvü Yesper Hanseni 24 saniyə qabaqlamaqla "Tour of Croatia”nın "lider köynəy”ini qazanıb.
Sonuncu mərhələnin nəticəsi "Synergy Baku”ya ümumi komanda hesabında liderliyini qorumağa və çempion olmağa imkan verib. Beləliklə, komandamız ən yaxın izləyicisi, Sloveniyanın "Adria Mobil” kollektivindən 4 dəqiqə, 15 saniyə irəli çıxıb.
"Synergy Baku”nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov ümumi təsnifatda 7-ci, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin isə 15-ci olub. Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda qüvvəsini sınayıb.
"Synergy Baku”nun digər nümayəndəsi Aleksandr Surutkoviç isə Bosniya və Herseqovinada təşkil edilən "Belgrade – Banjaluka II” yürüşündə çıxış edib. Bir gün əvvəl bu yarışın Serbiyadakı bölümündə 2-ci olan Surutkoviç bu dəfə 3-cü yerdə qərarlaşıb.
"olimpnews.az”