Mayın 6-8-də Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə” turnirinin yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası olub.
Olimpnews.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də iştirak ediblər. İclasda komitə üzvləri turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək bildirib ki, "Böyük dəbilqə” turnirində 86 ölkədən 552 idmançı mübarizə aparacaq. O, görülən işlər haqda məlumat verib və qeyd edib ki, Azərbaycan idman ölkəsi olaraq belə tədbirin keçirilməsində böyük təcrübəyə malikdir: "Biz bu təcrübədən istifadə edərək möhtəşəm turniri də yüksək səviyyədə təşkil edəcəyik. Beynəlxalq Cüdo Federasiyasının işçi qrupu da ölkəmizdə olub. Onlar görülən işlərlə tanış olublar, baxış keçiriblər və bəyəniblər”.
Vitse-prezident sonda onu da vurğulayıb ki, işçi qrupunun razı qalması və müsbət fikri də işlərin istənilən səviyyədə getdiyindən xəbər verir.