Bu gün "Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.
Olimpnews.az saytının məlumatına görə, yarışda 18 ölkədən 21 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, biri isə milli komandadır. Velotur 5 mərhələdən ibarətdir və velosipedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 kilometrdən çox məsafə qət edəcəklər.
Qeyd edək ki, mötəbər idman tədbiri olan bu veloyürüş ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır. Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir.