Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016” veloyürüşünün ikinci mərhələsi yekunlaşdı.
Olimpnews.az saytının məlumatına görə, saat 10:30-da Veloparkdan start götürən iştirakçılar 186,5 km məsafə qət etdi və İsmayıllıda finiş xəttini keçdilər.
Azərbaycanın Elit yığmasının və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin 2-ci mərhələnin qalibi oldu. Marşrutu 4 saat, 29 dəqiqə, 45 saniyəyə başa vuran Averin bununla da finişi onunla eyni vaxtda keçən 6 nəfərlik qrupda hamını qabaqladı. 2-ci yerə Avstryianın "Felbermayr" klubunun üzvü, ötən mövsümü "Synergy Baku"nun heyətində keçirən Markus Eybeger layiq görüldü. İlk 3-lüyü Isveçrənin "Roth" pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamladı.
"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olub. Bu nəticə "Synergy Baku"ya komanda hesabında 1-ci yerə yüksəlməyə imkan verdi. Hazırda təmsilçimiz ən yaxın izləyicisi, Avstriyanın "Felbermayr" klubunu 1 dəqiqə, 1 saniyə qabaqlayır. Ümumi təsnifatda Maksim Averin 4-cüdür.
2 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini İsrailin "Cycling Academy Team" klubunun üzvü Giliom Buavin ələ keçirdi. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə də yiyələndi. İtaliyanın "Unieuro Wilier" komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyinə, Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə sahib çıxdı.
Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim etdilər.
Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar saat 10:30-da Qəbələ şəhər İcra Hakimiyyətinin qarşısından start götürməklə Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər və 177,2 km məsafə qət etdikdən sonra bağlanğıc nöqtədə də mərhələni başa vuracaqlar.
Rahib Səmədov,
İsmayıllı