“Tour d’Azerbaidjan-2016”: 4-cü mərhələnin qalibi Luka Vakerman oldu - YENİLƏNİB

“Tour d’Azerbaidjan-2016”: 4-cü mərhələnin qalibi Luka Vakerman oldu - YENİLƏNİB


Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2016" veloyürüşünündə növbəti mərhələyə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan 4-cü yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüblər və 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.

Marşrutu 2 saat, 54 dəqiqə, 35 saniyəyə başa vuran Birləşmiş Ərəb Əmirliklərinin "NASR Dubai" komandasının italiyalı üzvü Luka Vakerman finişi onunla eyni vaxtda keçən 3 nəfərlik kiçik qrupda hamını qabaqlayıb. 2-ci yerə Qazaxıstanın "Astana City" klubunun üzvü Nikita Stalnov layiq görülüb. İlk 3-lüyü isə Portuqaliyanın "Tavira" komandasının italiyalı velosipedçisi Rinaldo Noçentini tamamlayıb.

"Synergy Baku"nun üzvlərinə gəlincə, Matiya Kvasina 8-ci, Maksim Averin 19-cu, Kiril Pozdnyakov 22-ci, Matey Müqerli isə 26-cı olub. 4 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü, 2-ci və 3-cü mərhələlərdə finişi 2-ci keçən, bu dəfə isə 4-cü nəticə göstərən Markus Eybeger ələ keçirib. Bu siyahıda "Synergy Baku" üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 15-ci, Matey Müqerli isə 20-cidir.

Ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə "NASR Dubai" komandasının italiyalı üzvü Luka Vakerman yiyələnib. Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb. Qazaxıstanın "Astana City" klubunun üzvü Nikita Stalnov isə ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini əyninə geyinib.

4-cü mərhələdən sonra komanda hesabında "Synergy Baku" 2-ci yerdədir. Komandamız ilk pillənin sahibi, Avstriyanın "Felbermayr - Simplon Wels" klubuna 1 dəqiqə, 21 saniyə uduzur.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təqdim ediblər.

Sabah "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün sonuncu mərhələsi keçiriləcək. Start və finiş nöqtəsi "Azadlıq Meydanı"nda olacaq 5-ci mərhələ saat 10:30-da başlanacaq və iştirakçılar paytaxt Bakının küçələrində 158 km məsafəyə mübarizə aparacaqlar.

Rahib Səmədov,
Şamaxı, Pirqulu