Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi parkında açıq MTB yarışı keçirilib. Olimpnews.az saytının məlumatına görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.
U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.
17 yaşadək velosipedçilərin eyni marşrut üzrə 5 dövrə ilə mübarizə apardığı yarışda "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov birinci olub.
Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar isə 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsi ilə yekunlaşıb.