Ukraynanın paytaxtı Kiyevdə "Horizon Park" yürüşləri çərçivəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yarışları start götürüb. Azərbaycanın "Synergy Baku" kontinental komandasının da iştirak etdiyi bu yürüşlərin ilk günü təmsilçilərimiz üçün uğurlu alınıb.
"Sülh naminə Horizon Park yürüşü" adlanan ilk yarış günündə 25 komandanın tərkibində yer alan 150 iştirakçı 16 km-lik dairəvi marşrut boyunca 10 dövrə vurublar. Yarışın ilk dövrəsindən etibarən liderlər qrupunda qəraralaşan velosipedçimiz Samir Cəbrayılov vəzifəsinin öhdəsindən mərahətlə gəlib. İdmançımız "Kolss" (Ukrayna) komandasının üzvü Vitaliy Butsdan 8, "Wibatech Fuji" (Polşa) klubunun təmsilçisi Yaçek Mojarkodan cəmi 5 saniyə geri qalmaqla finiş xəttini 3-cü keçib - 3 saat, 50 dəqiqə, 47 saniyə.
Yarışın 161,6 km-lik birinci mərhələsində komanda üzvlərimizdən ən yaxşı göstəriciyə yenə də Samir Cəbrayılov imza atıb (3 saat, 54 dəqiqə, 32 saniyə ). Finiş finiş xəttini 3-cü keçən idmançımız həm də yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan köynəyi ələ keçirib.
Məlumat üçün onu da bildirək ki, start xəttinə çıxan 150 velosipedçidən yalnız 66-sı yürüşü başa vura bilib ki, onların da içərisində "Synergy Baku"nun digər üzvləri Elçin Əsədov, Aleksandr Surutkoviç, Ənvər Asanov, İsmayıl İlyasov və Elgün Əlizadə də var.