İsmayıllıda keçirilən şosse velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub. Son yarış günü yaşı 23-dək olan və Elit kateqoriyasında təmsil olunan velosipedçilər mübarizə aparıblar.
"Olimpnews.az” xəbər verir ki, yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin, o cümlədən kontinental velosiped komandamız "Synergy Baku"nun və milli komandalarımızın üzvü olan bütün velosipedçilər iştirak ediblər. 164 km-lik mübarizənin təxminən 40 km-dən sonra əsas mübarizənin də məhz "Synergy Baku"nun 4 üzvü - Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin arasında gedəcəyi müəyyənləşib.
Yarışın təxminən 125-ci km-ə qədər bu dördlük lider qrupu olaraq qalan izləyicilərindən xeyli aralanıb. Amma ölkəmizi Rio-2016 Olimpiadasında təmsil edəcək Maksim Averin rəqiblərini geridə qoyaraq finiş xəttini birinci keçib və 164 km məsafəni 4 saat, 21 dəqiqə, 5 saniyəyə qət edib. Beləliklə, idmançımız ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıb. Samir Cəbrayılov və Elçin Əsədov isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər.
"Şadam ki, ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıram. İnanın ki, bu amil mənim üçün Rio Olimpiadası öncəsi olduqca böyük stimuldur" - deyə, Maksim Averin yarışdan sonra bildirib.
Qeyd edək ki, qrup ötüşməsindən 2 gün öncə fərdi ötüşmə üzrə yarışlar da keçirilib və burada Maksim Averin 35 km məsafəni 48 dəqiqə, 50 saniyəyə başa vurmaqla 2-ci yeri tutub. Bu növdə Azərbaycan çempionu adını 47 dəqiqə, 43 saniyə göstərici ilə Elçin Əsədov bayram edib. Samir Cəbrayılov isə sıralanmada 3-cü olub - 49 dəqiqə, 33 saniyə. Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının idmançılar üçün müəyyənləşdirdiyi reytinq cədvəlində nəzərə alınacaq.