Masallı Olimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 22-ci ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
Olimpnews.az saytının məlumatına görə, yarışın açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Azərbaycan Respublikası Cüdo Federasiyasının üzüvü Şamil Sövzəliyev, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Muradov, yarışın baş hakimi Telman Əhmədli çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıblar. İştirakçılar yarışın keçirilməsində əsas məqsədin rayonda cüdo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək, kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclərin idmana olan marağını daha da artırmaqdan ibarət olduğunu diqqətə çatdırıblar.
Yarışda Bakı şəhərindən 8 komanda, Naxçıvan Muxtar Respublikasından 1 komanda, Sumqayıt şəhərindən 4 komanda, Masallı rayonunda 1 komanda iştirak edib.
Üç gün davam edən yarışda 14 komandadan 200 nəfərə yaxın idmançı gücünü sınayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qalib idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.