Heç-heçələr mükafat qazanmaq üçün kifayət etməyəcək

Heç-heçələr mükafat qazanmaq üçün kifayət etməyəcək

İsveçrənin Tsuq şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) "Qran-pri” yarışlarının üçüncü mərhələsi davam edir.
Şahmatçılarımızdan Teymur Rəcəbov (2793) və Şəhriyar Məmmədyarovun (2766) Serqey Karyakin (Rusiya, 2786), Fabiano Karuana (İtaliya, 2772), Veselin Topalov (Bolqarıstan, 2771), Hikaru Nakamura (ABŞ, 2767), Aleksandr Morozeviç (Rusiya, 2758), Peter Leko (Macarıstan, 2744), Qata Kamski (ABŞ, 2741), Ruslan Ponomaryov (Ukrayna, 2733), Aniş Qiri (Hollandiya, 2727) və Rüstəm Qasımcanov (Özbəkistan, 2709) kimi titullu rəqibləri ilə mübarizəsi gərginləşir.
Ötən sayımızda ilk 4 tur barəsində məlumat vermişdik. Həmin tura qədər şahmatçılarımızdan heç biri qələbə qazana bilməmişdi. Hətta Teymur Rəcəbov ilk turda məğlubiyyətlə üzləşmişdi. 5-ci tur da şahmatçılarımız üçün uğursuz olub. Karyakin Məmmədyarova, Kamski isə Rəcəbova qalib gəlib. 6-cı turda Teymur Rəcəbov Veselin Topalovla, Şəhriyar Məmmədyarov isə Aniş Qiri ilə xal bölgüsü aparıb.
Dünən axşam saatlarında 7-ci turun görüşləri keçirilib. Leko Məmmədyarovla, Nakamura Rəcəbovla, Karyakin Qasımcanovla, Qiri Karuana ilə, Kamski Morozeviçlə, Topalov isə Ponomaryovla üz-üzə gəlib. Görüşlər gec başa çatdığından nəticələrlə növbəti sayımızda tanış ola bilərsiniz.
6 turdan sonra turnir cədvəli:
1-3. Aleksandr Morozeviç, Ruslan Ponomaryov, Veselin Topalov - 4 xal; 4-5. Fabiano Karuana, Sergey Karyakin - 3,5 xal; 6. Hikaru Nakamura - 3 xal; 7-10. Şəhriyar Məmmədyarov, Qata Kamski, Petr Leko, Aniş Qiri - 2,5 xal; 11-12. Rüstəm Qasımcanov, Teymur Rəcədov - 2 xal.