İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, yarışda 41 ölkədən 405 (229 oğlan, 176 qız) cüdoçu qalib adı uğrunda mübarizə aparıb.
Yarışda ölkəmizi 13 (10 oğlan, 3 qız) cüdoçu təmsil edib. Yarışın birinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, gənc cüdoçularımız iki qızıl medal qazanıblar. 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı ilk görüşdə türkiyəli Oğuzhan Karacanı mübarizədən kənarlaşdırıb. Macarıstanlı Daniel Monorini və gürcüstanlı İrakli Kupatadzeni də məğlub edən cüdoçumuz finala vəsiqə qazanıb. O, həlledici görüşdə Rusiya cüdoçusu Ali Pafov üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da qitə çempionatında uğurla yarışıb. O, rumuniyalı Aleksandru Raicuya, polşalı Tomasz Czerniaşskiyə, britaniyalı Danile Povelə və kosovalı Akil Gjakovaya qalib gəlib gələrək finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Katsiaşvilini də məğlub edən Hidayət Heydərov Avropa çempionu adına layiq görülüb.
Mötəbər yarışda mübarizə aparan Kəramət Hüseynov (55 kq) və Şəfəq Həmidova (44 kq) 5-ci, Hasil Cəfərov (73 kq) isə 7-ci olub. Beləliklə, Avropa çempionatında fərdi yarışlarda iki qızıl medal qazanan Azərbaycan idmançıları ümumi komanda hesabında 6-cı yeri tutub. Çempionatın sonuncu günündə komanda yarışları keçirilib. Azərbaycan milli komandası bu mötəbər yarışda tarixi uğura nail olub. Belə ki, gənc cüdoçularımız Böyük Britaniya və Ukrayna yığmalarını məğlub edərək yarımfinala çıxıblar. Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komandamız tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalında iştirak etmək hüququ əldə edib.
Gürcüstan millisinə qarşı olan həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Güclü rəqibinə 2:3 hesabıyla məğlub olan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb.