Oğuzda çoxgünlük ötüşmələr üzrə yeniyetmə və gənc velosipedçilər arasında Azərbaycan birinciliyi keçirilib.
Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı altında təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı, həmçinin Gürcüstandan gəlmiş 10 velosipedçi mübarizə aparıb.
Birinciliyin reqlamentinə əsasən, 15 yaşadək oğlanlar və qızlar arasında qaliblər 2 günün, U-17 və gənclər kateqoriyasında yarışan velosipedçilər arasında qaliblər isə 3 günün yekununa əsasən müəyyən edilir.
15 yaşadək oğlanların 30 km məsafəyə qrup ötüşməsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb - 1 saat, 3 dəqiqə, 39 saniyə. 2-ci və 3-cü yerləri isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Emil Əliyev və Əmral Əbdüləzizli bölüşdürüblər.
Qızların 30 km məsafəyə qrup ötüşməsi yarışlarında 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyinin qalibi olub. Onun komanda yoldaşı Elfanə Camalova 2-ci, Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin velosipedçisi Viktoriya Buxenskaya isə 3-cü yeri tutub.
Yarışın sonuncu günü 2 yaş kateqoriyasında qaliblər müəyyənləşib. 17 yaşadək velosipedçilər arasında 43 km məsafəyə sonuncu mərhələnin qalidi adını Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü İvan Orlov qazanıb. 1 saat, 16 dəqiqə, 13 saniyə nəticə göstərən idmançı ümumi təsnifatda hamını qabaqlayıb və Azərbaycan çempionu adına layiq görülüb. Onun komanda yoldaşları Qadir Mustafayev və Əli Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Gənclər arasında "Neftçi" İdman Klubu İctimai Birliyinin velosipedçisi Telman Vəliyev 90 km məsafəyə yarışları 2 saat, 28 dəqiqə, 58 saniyəyə başa vurub. Bu nəticə ilə o, 3 mərhələnin yekununda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı mükafalayiq yerlərə isə Gürcüstan velosipedçiləri Vano Kvahazde və Tamati Tsereteli layiq görülüblər.
Qaliblər AzVİF VƏ AGİN tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.