Velosiped üzrə mövsümün son yarışı keçirilib

Velosiped üzrə mövsümün son yarışı keçirilib


Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib. 
Yarışda müxtəlif klub və cəmiyyətlərin 50-dən artıq idmançısı qüvvəsini sınayıb.

"Olimpnews.az" xəbər veriri ki, qadın velosipedçilərin mübarizəsində ilk 3 pillədə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri qərarlaşıblar. Belə ki, Viktoriya Sidorenko 1-ci, Ayan Xankişiyeva 2-ci, Elfanə Camalova isə 3-cü yeri tutub.

15 yaşadək oğlanların yarışı Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsi ilə yekunlaşıb. Onun komanda yoldaşı Natiq Maydarov isə 3-cü olub. 2-ci yerdə isə 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Vəli İbrahimov qərarlaşıb.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin yetirməsi İvan Orlov bütün rəqiblərini qabaqlayıb. Adı çəkilən məktəbin digər üzvləri Nicat Bağırov 2-ci, Qadir Mustafayev 3-cü, Osman Qəhrəmanov isə 4-cü yeri tutublar.

Gənclər, U-23 və Elit kateqoriyasında mükafatalayiq yerlər 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Maksim Naperstkov, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı sahib çıxıblar.
Qalib və mükafatçılar qiymətli hədiyyələr və pul mükafatı ilə təltif ediliblər.