Nicat Şixalizadə: «Əsas diqqətimizi İslam Oyunlarına və dünya çempionatına yönəltməliyik» - MÜSAHİBƏ

Nicat Şixalizadə: «Əsas diqqətimizi İslam Oyunlarına və dünya çempionatına yönəltməliyik» - MÜSAHİBƏ

Rio-2016 Olimpiya Oyunlarında ölkəmizi təmsil edən 6 cüdoçumuzdan ikisi - Rüstəm Orucov və Elmar Qasımov vətənə gümüş medalla qayıtmağı bacarmışdılar. Digər dörd tatami ustamız isə fəxri kürsüyə gedən yolda «büdrəyərək» çıxışını medalsız başa vurmuşdular. Onlardan biri də millimizin aparıcı üzvü, 66 kq çəki dərəcəsində beynəlxalq arenalarda ölkəmizi təmsil edən Nicat Şixalizadə idi. O, ikinci görüşündə rəqibinə məğlub olmuşdu. Buyaxınlarda idmançımızla görüşüb, bizi maraqlandıran bəzi suallar ətrafında söhbət etdik. Cüdoçumuz «Olimpiya dünyası» qəzetinə müsahibə zamanı suallarımızı səmimi cavablandırdı.

- Nicat, Yay Olimpiya Oyunlarında birinci görüşdə qalib gəlsən də, ikinci görüşdən məğlub ayrıldın…

- Həmin gün, sadəcə, rəqibimin günü idi. Mən italiyalı Fabio Bazileni Olimpiya Oyunlarından bir ay əvvəl keçirilən çətin bir yarışda məğlub etmişdim. Rio-da onunla keçirdiyim görüş, əslində, mənim üçün çətin olmadı. Hətta rəqibimə xəbərdarlıq da edilmişdi. Amma Fabio məni üstələməyi bacardı. Oyunlarda Fabionun medal qazanacağını heç kim gözləmirdi. Lakin Olimpiya Oyunları sürprizlərlə doludur. Həmin italiyalı cüdoçunun Olimpiya çempionu olması bu fikri bir daha təsdiq etdi.

- Ümumiyyətlə, fəxri kürsüyə gedən yolda hansı amillər sənin qabağını kəsdi?

- Yarışlara çox ciddi hazırlaşırdım. Hazırlığım yüksək səviyyədə idi. Sadəcə ikinci görüşdə ani bir səhv nəticəsində məğlub oldum. Cüdoda belə səhvlər bağışlanmır. Bu nəticəyə görə çox təəssüflənirəm. Bilirsiniz ki, dopinqə görə iki olimpiadada iştirak edə bilmədim. Bu, idmançı üçün çox arzuolunmaz bir haldır. Amma bu dəfə şansımdan istifadə etməyə çalışırdım. Fikirləşirdim ki, bəlkə də belə fürsət bir daha ələ düşməyəcək. Olimpiya Oyunlarında mükafatçılar sırasına düşərək kolleksiyama Olimpiya medalını da əlavə etməyi çox istəyirdim. Özümu Rio Olimpiadasına tam hazır hesab edirdim. Görünür, çempionluq üçün nələrsə çatmadı.

- Maraqlıdır, Rio-2016-da hansı nəticəni qazanacağını gözləyirdin?

- Qeyd etdiyim kimi oyunlara tam hazır idim. Özümü, ən azı, bürünc medalçılar sırasında görürdüm.

- Olimpiya Oyunlarında komandamızın ümumi çıxışını və cüdoçularımızın nəticələrini necə qiymətləndirirsən?

- Rio Olimpiadası komandamız üçün uğurlu keçdi. Olimpiya Oyunlarında 18 medal qazanmaq çox böyük nailiyyətdir. Cüdoçularımızın nəticələri də yüksək oldu. Düzdür, biz daha çox medal qazana bilərdik, amma alınmadı. Bununla belə, Rio-dan iki gümüş medalla qayıtmaq cüdonun ölkəmizdə inkişafından xəbər verir.

- İlk dəfə idi ki, mötəbər yarışda iştirak edirdin. XXXI Yay Olimpiya Oyunlarının təşkilatı işləri barədə nə deyə bilərsən?

- Əvvəlki Oyunlarda iştirak etmədiyimə görə müqayisə apara bilmərəm. Amma həm Rio-2016-da, həm də bundan əvvəlki Oyunlarda iştirak edənlərin dediklərinə görə, Rio Olimpiadasında təşkilatçılıq səviyyəsi nisbətən aşağı idi.

- Gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşırsan?

- Hazırlıqlar yüksək səviyyədə davam edir. İnşallah, İslam Oyunlarında ən yaxşı nəticəni göstərməyə çalışacağıq.

- Bildiyin kimi, 2018-ci ildə ölkəmiz cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bir cüdoçu kimi bunu necə qiymətləndirirsən?

- Azərbaycan bir sıra mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Cüdo üzrə dünya çempionatı da belə yarışlardan biridir. Əlimizdən gələni edəcəyik ki, paytaxtımızda təşkil olunan mötəbər turnirdə uğur qazanaq. Bunun üçün çox çalışmaq lazımdır.

- Qarşıda cüdo üzrə yığma komandamızı hansı yarışlar gözləyir?

- Avropa çempionatı, Qran-pri, «Böyük dəbilqə» kimi bir çox yarışlarda iştirak edəcəyik. Amma, şübhəsiz ki, əsas diqqətimizi İslam Oyunlarına və dünya çempionatına yönəltməliyik.

Kənan Novruzov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir