Gecikən, lakin yerinə düşən qələbə

Gecikən, lakin yerinə düşən qələbə

İsveçrənin Suq şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) "Qran-pri” yarışlarının üçüncü mərhələsi sona çatmaq üzrədir.
Teymur Rəcəbov (2793), Şəhriyar Məmmədyarov (2766) Sergey Karyakin (Rusiya, 2786), Fabiano Karuana (İtaliya, 2772), Veselin Topalov (Bolqarıstan, 2771), Hikaru Nakamura (ABŞ, 2767), Aleksandr Morozeviç (Rusiya, 2758), Peter Leko (Macarıstan, 2744), Qata Kamski (ABŞ, 2741), Ruslan Ponomaryov (Ukrayna, 2733), Aniş Qiri (Hollandiya, 2727) və Rüstəm Qasımcanov (Özbəkistan, 2709) kimi güclü şahmatçıların mübarizəsində ən güclü zəka sahibi müəyyənləşir. Ötən sayımızda ilk 6 turun nəticələri barədə məlumat vermişdik. Bu tura qədər qələbə qazanmağa müvəffəq ola bilməyən şahmatçılarımız 7-ci turda da ənənəyə sadiq qalıblar. Şəhriyar Məmmədyarov Petr Leko ilə, Teymur Rəcəbov Hikaru Nakamura ilə sülh bağlayıb. Növbəti turda Məmmədyarov - Kamski, Qasımcanov - Rəcəbov görüşündə də qaliblər müəyyənləşməyib. 9-cu turda Veselin Topalov Şəhriyarla görüşü yarım xalla başa vurub. Nəhayət ki, Teymur Rəcəbov bir görüşdə qələbə qazanıb. Qrossmeysterimiz Ruslan Ponomaryovun "şah”ını "mat” etməyə müvəffəq olub. Bu qələbə ilə şahmatçımız sonuncu pilləni tərk edib.
9 turdan sonra turnir cədvəli:
1. Veselin Topalov - 6 xal; 2. Fabiano Karuana - 5,5 xal; 3-5. Ruslan Ponomaryov, Sergey Karyakin, Hikaru Nakamura - 5 xal; 6-11. Aleksandr Morozeviç, Qata Kamski, Teymur Racəbov, Şəhriyar Məmmədyarov, Peter Leko, Aniş Qiri - 4 xal; 12. Ruslan Qasımcanov - 3,5 xal.