Veteran cüdoçularımız mundialı beş medalla başa vurdular

Veteran cüdoçularımız mundialı beş medalla başa vurdular



Mayamidə keçirilmiş veteran cüdoçular arasında dünya çempionatı başa çatıb.

Azərbaycan millisi yarışda aktivinə daha bir medal yazdırıb və ümumi mükafatlarının sayını beşə çatdırıb.
Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kiloqram çəkidə yarışan Zülfiyyə Hüseynova yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. Dörddəbir finalda Türkiyə təmsilçisi Dilək Çakıra qalib gələn cüdoçumuz yarımfinalda İtaliya idmançısı Monika Stragiolottonu məğlub edib. Z.Hüseynova həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq ikinci yer ilə kifayətlənib.

Kişilərin yarışında M-2 kateqoriyası üzrə 73 kiloqram çəkidə yarışan Zülfüqar Hüseynov bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinci yeri tutub.
Əlli beş ölkədən 966 veteran cüdoçunun mübarizə apardığı dünya çempionatında Azərbaycan millisinin veteranları Fərhad Rəcəbli (90 kq), Zaur Paşayev (100 kq) qızıl, Zaur Bağırov (100 kq-dan yuxarı) gümüş və Mübariz Cəfərov (81 kq) isə bürünc medal qazanıblar.