Velosipeddən söz düşəndə ilk olaraq yadıma nədənsə 7 qat dünya çempionu Lens Armstronq gəlir. Maraqlıdır ki, 1999-2005-ci illərdə ardıcıl olaraq məşhur "Tur de Frans” veloyürüşünün qalibi olan bu idmançı karyerasında ən böyük uğurlara məhz xərçəng xəstəliyi ilə mübarizədən sonra imza atıb. 2012-ci ildə dopinqdən istifadə etdiyinə görə bütün titulları əlindən alınsa da, ABŞ velosipedçisi Lens Armstronqun həyatı çoxları üçün örnək sayıla bilər. O, müsahibələrinin birində deyir: "Həkimlər bir gün eyni vaxtda məndə beyin, ağciyər və yumurtalıq xərçəngi aşkar etdilər. Dəhşət idi. Onlar mənə idmanı atmağı təklif etdilər, amma mən onların dediklərinə əhəmiyyət vermədim. Müalicə alıb sağaldıqdan sonra, beş dəfə ardıcıl şəkildə "Tur-de-Frans”ın qalibi oldum”. Bu, velosipedlə xəstəliyə, həkimlərə meydan oxuyan və qalib gələn bir idmançının həyat tarixçəsidir.
İkiçarxlı və sadə mexanizmli nəqliyyat vasitəsi necə yaranıb?
Velosiped idmanı dünyada populyar idman növlərindən biridir. Mütəxəssislər bədənin möhkəmləndirilməsi və sağlamlıq baxımından bu idman növünü gimnastika, qaçış, üzgüçülük kimi çox mükəmməl hesab edirlər. Velosipedin tarixi 500 il bundan əvvəl, yəni dünya şöhrətli Leonardo da Vinçinin insan üçün sərfəli və münasib olan bu nəqliyyat vasitəsinin təsviri ilə başlayıb, desək, yanılmarıq. İlk velosiped isə almaniyalı Baron fon Drays tərəfindən 1817-ci ildə ixtira edilib. "Velosiped” sözü isə ilk dəfə dilə 1860-cı ildə fransız ixtiraçısı Pyer Mişo gətirib. Fransalı alim iki çarxlı və sadə mexanizmli bir nəqliyyat vasitəsini "bicyclette” (bisiklet) adlandırıb. Məlumat üçün bildirək ki, dünya velosipedçilərini bir araya gətirən ilk beynəlxalq təşkilat 1900-cü ildə Parisdə yaradılan Beynəlxalq Velosipedçilər İttifaqıdır (UCI). Velosiped idmanına şose, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər daxildir. 1819-cu ildə İsveçdə ilk velosiped yarışı keçirilib. 1893-cü ildən isə velosiped idmanı üzrə dünya, Avropa çempionatları və digər yarışlar keçirilir.
Velosiped yarışları Afina-1896-dan etibarən bütün Olimpiya Oyunlarının proqramında nümayiş etdirilib. İdmançılar dördilliyin idman yarışında 4 növ – trek, şosse, mayntinbayk və BMX üzrə 18 dəst medal uğrunda mübarizə aparırlar. Məlumat üçün deyək ki, London-2012 Yay Olimpiadasında velosiped növündə birinci yeri ev sahibləri qazanıblar. Böyük Britaniya təmsilçiləri 13 (8 qızıl, 3 gümüş və 2 bürünc) medalla fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar.
Olimpiadadan söz düşmüşkən, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında ölkəmiz 3 (2 qadın, 1 kişi) velosipedçi ilə təmsil olunacaq. Olqa İsmayılova trek (sprint və keyrin), Maksim Averin və Yelena Pavluxina qrup (şosse) yarışlarında qüvvələrini sınayacaqlar. Idmançılarımıza bu çərin və məsuliyyətli yarışda uğurlar arzu edir, Braziliyadan vətənə medallarla dönəcəklərinə inanırıq.
Avropa ölkələrində velosipeddən əsas nəqliyyat vasitəsi kimi istifadə olunur
Saytların birində velosipedlə bağlı maraqlı bir fakt diqqətimi cəlb etdi. Belə ki, buyaxınlarda İngiltərədə bəşərin ən böyük ixtirası mövzusunda əhali arasında sorğu keçirilib. Rəyi soruşulanların əksəriyyəti internet, daxili yanma mühərriki və s. bunun kimi böyük kəşflərlə müqayisədə məhz velosipedin ixtirasını birinci yerdə görüblər. Bu da ikiçarxlı və sadə mexanizmli nəqliyyat vasitəsinin insanlar arasında populyarlığından xəbər verir.
Statistik göstəricilər dünyada velosiped istehsalının avtomobildən iki dəfə artıq olduğunu deməyə əsas verir. Belə ki, ildə 100 milyon ədəd velosiped istehsal olunduğu artıq fakdır. Qeyd edək ki, velosipeddən XIX əsrdən etibarən aktiv istifadə olunmağa başlanılıb. İnsanlar bu minik vasitəsindən istirahət, əyləncə, şou və təbii ki, idman məqsədilə istifadə edirlər. Məsələn, Amerikada insanlar velosipeddən arıqlamaq və stressi atmaq üçün yararlanırlar. Belə ki, velosiped sürən insan saatda 600 kalori itirmiş olur. Çin, Yaponiya və digər ölkələrdə isə ondan nəqliyyat vasitəsi kimi istifadə olunur. Məhz bu səbəbdən dünyanın bir sıra ölkələrində velosiped çox populyardır. Məsələn, Çində əhalinin təxminən 40 faizini, Belçika və İsveçrədə 48, Yaponiya, Finlandiya və Norveçdə 60, İsveçdə 65, Almaniyada 76, Danimarkada isə 80 faizini velosipeddən fəal istifadə edən insanlar təşkil edir. Əhalisinin 99 faizindən çoxunun bu minik vasitəsindən yararlandığı ölkə isə Niderland Krallığıdır. Velosiped sanki bu ölkənin simvoluna çevrilib. Burada insanlar səyahətə və iş yerlərinə getmək üçün məhz bu nəqliyyat vasitəsindən istifadə edirlər. Müqayisə üçün bildirək ki, ABŞ-da əhalinin yalnız 30 faizi velosipedə üstünlük verir. O da, yuxarıda qeyd etdiyimiz kimi, arıqlamaq məqsədilə.
Maraqlıdır, Çində bir avtomobilin payına 250 velosiped düşür. Bu ölkədə hərəkət sisteminin demək olar ki, tam yarısı velosiped vasitəsilə həyata keçirilir. Pekində 6 kilomterlik yolu velosipedlə qət etmək avtobus və ya metro ilə getməkdən daha rahat və tez başa gəlir. Bu da indiki dövrdə vaxt itkisinə qənaət etmək, stressdən uzaq olmaq deməkdir.
Təxminən 20 milyonluq əhalisi ilə dünyanın üçüncü izdihamlı şəhəri olan San Paulo də "velosiped şəhəri" olmağa hazırlaşır. Braziliyanın 26 əyalətindən birinin paytaxtı olan San Paulonun bələdiyyəsi şəhərin bütün tərəflərinə velosiped nəqliyyatı üçün yeni yollar salınması barədə tədbirlər görür. Bu, dünyanın ən sıx tıxaclarına malik San Pauloda axşam saatlarında orta hesabla 200-300 km-ə çatan avtomobil tıxacından bezən sürücülərin ürəyincə olacaq. Məncə, bizdə də bu təcrübədən yararlanmağa dəyər. Paytaxt Bakı dünyanın böyük şəhərlərində olduğu kimi sıx tıxac problemi ilə üzləşməsə də, ictimai və şəxsi nəqliyyatda müəyyən çətinliklər vardır. Bu təcrübənin ölkəmizdə tətbiq olunması, həm də velosiped idman növünün cəmiyyətdə təbliğinə töhfə vermiş olardı.
Velosipeddən istifadə edən nazirlər kimlərdir?
Nazir olanda nə olar, velosiped kimi zərərsiz və xərc tələb etməyən sadə nəqliyyat vasitəsindən istifadə etmək onların da haqqıdır. Kiçik bir araşdırma məni Avropa ölkələrinin bir çoxunda dövlət məmurlarının velosipeddən istifadəyə üstünlük verdikləri qənaətinə gətirdi. Belə ki, İtaliyanın baş naziri Matteo Renzi gündəlik həyatda velosipeddən istifadə etməsi ilə cəmiyyət arasında çox tanınır. O həm də Avropanın ən gənc dövlət məmurudur. Bu siyahını bir az da artırmaq olar. Belə ki, işə velosipedlə gedən baş nazirlər sırasında İngiltərənin keçmiş baş naziri Devid Kameronun da adı var. Danimarkanın keçmiş xarici işlər naziri Martin Lideqard da velosipeddən istifadəyə üstünlük verən nazirlərdəndir. Hollandiyanın baş naziri Mark Rutte velosipeddən istifadə etməsi isə artıq adi hala çevrilib. Onun 2012-ci ildə Türkiyə prezidenti Abdullah Güllə görüşə velosipedlə gəlməsi isə Türkiyə mətbuatında böyük əks-səda doğurmuşdu. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Avropa ölkələrinin nazirləri öz sağlamlıqlarını düşünməklə, həm də ölkələrinin ekologiyasına, enerji qənaətinə töhfə verirlər. Alqışlamağa dəyər.
Ölkəmizdə velosiped idmanı necə inkişaf edir?
Ölkə əhalisinin sağlamlığı, uşaq və gənclərin sağlam həyat tərzi keçirmələri, onların fiziki və mənəvi inkişafı müasir dövrümüzdə dövlətin inkişafını, xoşbəxt gələcəyini əsaslandıran amillərdəndir. Sağlamlıq insana məxsus olsa da, eyni zamanda, dövlətin, cəmiyyətin mülkiyyəti hesab olunur. Əhalinin sağlamlığı, həm də qüdrətli, sağlam dövlətin təminatıdır. Gəlin etiraf edək ki, sağlamlıq təbiətin bizə bəxş etdiyi hədiyyədir və onu uşaq, gənc yaşlarından qorumaq lazımdır. Bunun üçün ən yaxşı vasitə isə idman və bədən tərbiyəsidir. Ümummilli lider, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin də dediyi kimi: "İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik”.
Azərbaycanda velosipeddən istifadənin tarixi 1930-cu ilə təsadüf edir. 1950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyiş nəzərə çarpıb. Belə ki, idmançılarımız həmin dövrdən başlayaraq SSRİ çempionatlarında və dünya birinciliklərində yarışıblar. Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil ediblər.
Ümummilli lider Heydər Əliyevin göstərişi ilə 1980-ci ildə Bakıda dünya standartlarına uyğun Respublika Velotrekinin tikilib istifadəyə verilməsi ölkəmizdə velosiped idman növünün inkişafına təkan verib. 90-cı illərdən başlayaraq, ölkədə bu növ üzrə sistemli turnirlər keçirilməyə başlanılıb. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə (MOK) prezident seçilməsindən sonra müstəqil Azərbaycanda idman və Olimpiya hərəkatı yüksək inkişaf yoluna qədəm qoyub. Paytaxt və regionlarda müasir Olimpiya idman kompleksləri istifadəyə verilib, yeni, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılılıb. Azərbaycan Velosiped İdmanı Federasiyası 2011-ci ildə yenidən təşkil olunub və Fazil Məmmədov federasiyanın prezidenti seçilib. Azərbaycanda velosiped idmanına böyük marağın gözəl nümunələrindən biri də 40 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Velosiped idmanı muzeyidir.
Sevindirici haldır ki, velosiped idmanı üzrə milli komandamız "Sinergy Baku Cycling Project" ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edirlər. Milli komandamızın üzvləri yüksək səviyyəli yarışlardan vətənə nəticələrlə qayıdırlar. Təsadüfi deyil ki, mövsümün əvvəlindən velosipedçilərimiz bir sıra mötəbər yarışlarda öz layiqli sözlərini deyiblər. Belə ki, şosse velosipedi üzrə "Synergy Baku” kontinental komandası mövsümə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) Xorvatiyada keçirilən birgünlük "Porec Trophy” yürüşündə qələbəsi ilə başlayıb. Komandamızın üzvü Matey Müqerli sayca 14-cü dəfə keçirilən yarışın qalibi olub. Sonra bu ilin aprel ayında komandamız Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşündə uğurla çıxış edərək yarışı 2 qat çempion kimi başa vurub. Dünyanın ən güclü kollektivlərini qabaqlamaqla komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxan "Synergy Baku”, həm də yürüşün ən qiymətli köynəyinə sahib olub. Bundan başqa Elit yığmanın və komandamızın üzvü Maksim Averin bu ilin may ayında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan-2016" veloyürüşünün 2-ci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib. Bu siyahını daha da artıra bilərik. Demək istədiyim odur ki, əldə olunan uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, Azərbaycanda velosiped idmanı özünün yüksəliş dövrünü yaşayır və bu növdə kütləvilik təmin olunur.
Əhalinin sağlamlığı, həm də qüdrətli, sağlam dövlətin təminatıdır
Təbii ki, ölkədə idman və Olimpiya hərəkatının təbliği və inkişafında, eləcə də uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) da yarandığı ilk gündən üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün öz işini günün tələbləri səviyyəsində qurub. 2011-ci ildə yenidən bərpa olunan federasiya qısa müddət ərzində bir sira nailiyyətlər qazanıb. Federasiyanın həyata keçirdiyi layihələr artıq öz bəhrəsini verir. AzVİF ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiya Oyunlarında və digər mötəbər beynəlxalq yarışlarda iştirakı istiqamətində mühüm işlər görür. Ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması adıçəkilən federasiyanın fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi" İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, "Lokomotiv" İdman Cəmiyyətində, "Sərhədçi" İdman Olimpiya Mərkəzində, İsmayıllı və Oğuz rayonlarında inkişaf etdirilir. Federasiya ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir.
Velosiped idmanının təbliği və inkişafı məqsədilə 2014-cü ilin mayında Şıxov ərazisində ümumi sahəsi 30 hektardan çox olan Velopark istifadəyə verilib. Burada salınan və sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Bundan başqa, Xocahəsəndə müasir standartlara uyğun Dağ Velosipedi Parkı da inşa edilib. Bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər ölkədə velosiped idman növünün yüksək sürətlə inkişafının, cəmiyyətdə insan sağlamlığının hər zaman diqqətdə saxlanılmasının bir göstəricisidir. İnsan amilindən söz düşmüşkən, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov iyulun 12-də Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası ilə federasiya arasında qarşılıqlı əməkdaşlıq barədə memarandumun imzalanması mərasimində bu məsələyə toxundu. Azərbaycanda velosiped idman növünün inkişafı üçün dövlətimiz tərəfindən hər bir şərait yaradıldığını qeyd edən S.Ələkbərov peşəkar kadrlara böyük ehtiyac olduğunu vurguladı. Qeyd edək ki, tərəflər memaranduma uyğun olaraq akademiyada velosiped idmanının təşviq edilməsi, tələbələrin bu idman növünə marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Təbii ki, bu da velosiped idman növünün cəmiyyətimizdə təbliği yolunda atılmış vacib addımlardandır.
Təşkil edilən tədbir və yarışlar ümumi işə xidmət edir
Azərbaycanda velosiped idman növünün təbliği və inkişafında ölkəmizdə keçirilən beynəlxalq tədbir və yarışların da böyük rolu vardır. Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə hər ilin may ayında keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Tour d’Azerbaidjan" mərhələ yarışları buna gözəl nümunədir. Məlumat üçün bildirək ki, bu yarışlar ilk dəfə 2012-ci ildə təşkil olunub və Heydər Əliyevin xatirəsinə 23 yaşadək velosipedçilərin turu adı altında keçirilib. 2013-cü ildən etibarən isə "Tour d`Azerbaidjan” adıyla təşkil olunan beynəlxalq idman tədbirində 40-a yaxın ölkənin velosipedçisi qüvvəsini sınayır.
Hər il ənənəvi olaraq veloyürüşlər təşkil olunur
Azərbaycan Velosiped İdmanı Federasiyası hər il ənənəvi olaraq 9 Noyabr - Dövlət Bayrağı Günü, 28 May - Respublika Günü münasibətilə veloyürüşlər təşkil edir. Təkcə bir faktı deyək ki, ötən il "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında təşkil olunan veloyürüşdə ölkənin müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi 16,5 km məsafə qət edib. Adıçəkilən tədbirdə iştirak edən həvəskar velosipedçiərin sayının ildən-ilə artması bu növün ölkəmizdə son illərdə daha sürətlə inkişafından xəbər verir.
Məktəblilərin "Olimpiya Hərəkatı"
Ötən il Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən "Olimpiya hərəkatı" layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin proqramında nümayiş etdirilən velosiped yarışlarında iştirakı bu növün cəmiyyətimizdə təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Bundan başqa, noyabr ayında isə federasiyanın təşkilatçılığı ilə paytaxın bir neçə rayonunda "Məktəblilər hərəkatı” adı altında yarışın təşkili də ümumi işə xidmər edir. Bakının Qaradağ, Səbail, Suraxanı, Xətai, Nəsimi, Nizami, Nərimanov və digər rayon məktəbliləri arasında keçirilən yarışın təşkil edilməsində məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması olub.
Ölkəmizdə velosiped idman növünün təbliği və inkişaf etdirilməsi istiqamətində Azərbaycan Velosiped İdman Federasiyasının təşkil etdiyi mühüm tədbirlərdən biri də hər il ənənəvi oilaraq 22 iyul- Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilən yarışlardır. Yarışda iştirak edən və qələbə qazanan müxtəlif televiziya, qəzet, sayt, informasiya agentliklərinin nümayəndələri federasiya tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılırlar.
Uşaqlar bizim gələcəyimizdir
İnsanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi meydana çıxan idmanın ümumbəşəri mədəniyyətin tərkib hissəsi olduğunu deməyə, məncə. ehtiyac yoxdur. Bir də dünya təcrübəsi, tarix əsrlər boyu sübut etmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, millətin bu günü və gələcəyidir. Bu baxımdan gələcəyimiz olan uşaqların zərərli vərdişlərdən uzaq olaraq idman və bədən tərbiyəsiilə məşğul olmaları, sağlam gənc nəsil kimi yetişmələri mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Uşaqları kiçik yaşlarından düzgün tərbiyə etmək, onların əqli və fiziki imkanlarını yüksək səviyyədə inkişaf etdirmək, gələcəkdə vətənə, xalqa layiq övlad kimi yetişdirmək hər birimizin arzusudur. Bunun üçün də ailə, məktəbəqədər təhsil müəssisələri, təhsil ocaqları əl-ələ verib ümumi işə xidmət etməyi özlərinə borc, vəzifə bilirlər.
Düşünürəm ki, orta məktəblərdə fiziki tərbiyə və idman dərslərində velosiped idman növünün təbliğ olunması istiqamətinə işlər aparılması və məktəblərin tədris vəsaiti kimi inventarla təmin olunması məqsədəuyğun olardı. Bu sahədə digər ölkələrin təcrübəsindən bəhrələnməyə dəyər. Götürək, elə Yaponiyanı. Burada uşaqlara "pis” və ya "yaxşı olmayan” sözlər öyrədilmir. Adi bir faktı deyək ki, onlar məktəb yaxınlığındakı velosiped dayanacaqlarında vurulan işarələrdə iki elan yerləşdirirlər. Birinci elanda səliqə ilə düzülmüş velosipedlər əks olunur və altında: "Yaxşı uşaqlar velosipedlərini belə saxlayırlar”, - yazılır. Digər elanda isə velosipedlər aşmış, səliqəsiz vəziyyətdə təsvir olunur və onun altında "Yaxşı uşaqlar velosipedlərini belə saxlamırlar” yazısı qeyd olunur. Yaponlar əslində, əyani təsvir vasitəsilə uşaqları həm tərbiyə edir, həm də velosiped idman növünə həvəs oyadırlar. Gözəl təcrübədir, məncə, öyrənməyə dəyər.
Səadət Hakıyeva