Üç cüdoçumuz reytinq cədvəlinin birinci pilləsində

Üç cüdoçumuz reytinq cədvəlinin birinci pilləsində
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, tərtib olunan yeni siyahı cüdoçularımız üçün uğurlu olub. 2016-cı ilin yekun reytinq cədvəlində Avropa çempionu, Rio Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) yeni uğura nail olub.. Belə ki, cüdoçumuz 3010 reytinq xalı yığaraq həm öz çəkisində 1-ci yerini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Cüdoçumuz bu nəticə ilə ikiqat Olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (+100 kq, 2800 xal) geridə qoyub. Xatırladaq ki, fransalı idmançı neçə ildir bu göstəriciyə görə reytinq cədvəlinin lideri idi.

Rio Olimpiadasının gümüş medalçısı Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir.

Yeni siyahı 60 kq çəki dərəcəsində ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edən Orxan Səfərov üçün də düşərli olub. Ötən siyahıda ikinci olan Avropa Oyunlarının gümüş mükafatçısı bütün rəqiblərini qabaqlayaraq birinci pilləyə yüksəlib (1854 xal). Bu çəkidə mübarizə aparan daha bir cüdoçumuz İlqar Müşkiyev də 2 pillə irəliləyib. O, 1073 xalla 12-ci yerdə qərarlaşıb.

Komandamızın üzvü Nicat Şıxəlizadə (66 kq) ötən siyahı ilə müqayisədə üç pillə irəliləyib. Yenidən ilk "onluğ”a qayıdan cüdoçumuz 1002 xalla 9-cu sırada yer alıb. Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) reytinq cədvəlində öz yerlərini qorumağa müvəffəq olublar. Onlar müvafiq olaraq, reytinq siyahısının 20-ci və 18-ci pillələrində qərarlaşıblar. Yeganə dünya çempionumuz Elxan Məmmədov (100 kq) da mövqeyini qoruyub. O, 1408 xalla 6-cı sıradadır. Xanım cüdoçumuz Aişə Qurbanlı ötən siyahıda olduğu kimi, yenə də 41-ci pillədə yer alıb.