Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün Bakıda təşkil etdiyi beynəlxalq seminara yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən və iki gün davam edən tədbirdə 99 ölkədən 370 nümayəndə iştirak edib.
Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer arasında görüş keçirilib. Görüşdən sonra tərəflər jurnalistlərin suallarını cavablandırıblar.
Ardınca seminarın açılışı olub. Mərasimdə çıxış edən Rövnəq Abdullayev cüdo kimi populyar növ üzrə belə böyük bir tədbirin ölkəmizdə keçirilməsindən şərəf duyduğunu bildirib. Qurumun rəhbəri belə bir tədbirin təşkil olunmasını Azərbaycana həvalə etdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və seminar iştirakçılarına uğurlar diləyib: "Cüdo dünyada ən inkişaf etmiş idman növlərindən biridir. Son illər bütün dünyada cüdoya olan maraq artıb. Əlbəttə ki, belə bir idman növünün hakimlik və yarış qaydalarında dəyişikliklərin edilməsi, yeni qərarların qəbul edilməsi bütün dünya cüdo ictimaiyyətinin diqqət mərkəzindədir. 99 ölkədən 370 nümayəndənin, cüdo mütəxəssislərinin iki gün ərzində keçirəcəyi seminardakı qərarlar cüdonun gələcək inkişafı baxımından vacibdir. Nəzəri və praktik hissələrdə keçiriləcək seminar bizim azərbaycanlı mütəxəssislər, hakimlər və məşqçilərimiz üçün önəmlidir. Azərbaycan Cüdo Federasiyası fəaliyyət proqramında dünya cüdo ailəsində önəmli yer tutmaq niyyətindədir. Bu gün cüdo Azərbaycanda çox sevilir və idmançılarımızın qazandığı uğurlar idmanın bu növünə olan sevgini daha da artırır. Sevindirici haldır ki, bu gün üç çəki dərəcəsində cüdoçularımız dünya reytinq cədvəlinə başçılıq edirlər.
Belə möhtəşəm və mühüm tədbiri Azərbaycanda keçirdiyiniz üçün Beynəlxalq Cüdo Federasiyasına, şəxsən cənab Vizerə təşəkkür edirəm. Seminar iştirakçılarına iki günlük müzakirələrdə uğurlar arzulayıram.”
Daha sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək seminarın əhəmiyyətindən danışıb. Qaydalardakı dəyişikliklərə toxunan natiq, Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyətindən də geniş bəhs edib. O, 2018-ci ildə Bakıda keçiriləcək dünya çempionatının da yüksək səviyyədə təşkil olunacağına əmin olduğunu söyləyib.
Seminarda Beynəlxalq Cüdo Federasiyasının bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri və bir çox ölkələrin federasiya prezidentləri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd isə cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yenilikləri həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaq idi. Bunun üçün böyük nümayəndə heyətinin qatıldığı seminarda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirələr edilib, fikir mübadilələri aparılıb. Cüdo idman növünün yarış və hakimlik qaydalarında dəyişikliklərlə bağlı qərarlar qəbul olunub.
Paytaxtımızda iki gün gərgin iş qrafiki şəraitində davam edən beynəlxalq seminarın iştirakçılarına sonda ziyafət verilib. Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində Bakıda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndirən Vizer gələn il ölkəmizdə baş tutacaq dünya çempionatının da yaddaşlarda iz buraxacağına əminliyini ifadə edib. Marius Vizer cüdo idman növünün inkişafındakı xidmətlərinə görə Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.
Sadıq Sadıqov dünya cüdo təşkilatının rəhbərinə minnətdarlığını bildirərək, ölkəmizin dünyada aparıcı idman dövlətləri sırasında yer aldığını vurğulayıb. Beynəlxalq Cüdo Federasiyasının belə bir önəmli tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların cüdonun inkişafı üçün xüsusi rol oynayacağına əminliyini ifadə edib.
Sonra Beynəlxalq Cüdo Federasiyasının baş katibi, Fransa Cüdo Təşkilatının başçısı Jan Roje Azərbaycanın dünya cüdo ailəsində xüsusi çəkiyə malik olduğunu söyləyib. Cənab Roje beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq gələn ay Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində tətbiq ediləcəyini bildirib. Xarici federasiyaların rəsmiləri, nümayəndələr Azərbaycan cüdosuna yeni zirvələrin fəthini arzulayıblar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Bakıda sona yetən beynəlxalq seminardan dərhal sonra yerli hakimlər və məşqçi-müəllimlər üçün də seminar keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ölkəmizin müxtəlif bölgələrindən 250 nümayəndə iştirak edib.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov seminar iştirakçılarını salamlayaraq paytaxtımızda təşkil olunan beynəlxalq seminarın əhəmiyyətindən söz açıb. Qəbul edilən yeni yarış və hakimlik qaydalarının mütəxəssislər tərəfindən yerli məşqçi-müəllimlərin diqqətinə çatdırılacağını qeyd edib. O, hər bir cüdo klubunun nümayəndəsinə, bölgə məşqçilərinə beynəlxalq seminarda qəbul olunan yeni qərarları özündə əks etdirən, videomaterial şəklində hazırlanan disklərin təqdim olunacağını bildirib. Qurum rəsmisi qısa bir müddət ərzində isə federasiyanın rəsmi saytında yeni yarış və hakimlik qaydaları haqqında Azərbaycan dilinə tərcümə olunmuş materialın yerləşdiriləcəyini söyləyib.