"Hyatt Regency” hotelində cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq yarışının püşkatma mərasmi keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, baş katib Elmar Babanlı və İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Nazim Hüseynov iştirak ediblər.
"Böyük dəbilqə” seriyasından növbəti mərhələ yarışı bu gün start götürəcək. Turnirdə iştirak etmək üçün dünyanın tanınmış cüdoçuları ölkəmizə gəliblər. Adlı-sanlı idmançıların bəziləri bu yarışda özlərini yeni çəki dərəcələrində sınayacaqlar.
İdmançıların "kiçik dünya çempionatı” adlandırdığı turnirdə 32 ölkədən 206 cüdoçu mübarizə aparacaq. Azərbaycan "Böyük dəbilqə” turnirində 50 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, "Böyük dəbilqə” turniri hər il ölkəmizdə may ayında təşkil olunurdu. IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq bu turnirin bu il mart ayının 10-12-də keçirilməsi qərara alınıb.
Beynəlxalq turnirin rəsmi açılış mərasimi bu gün saat 16:00-da Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq.