“Synergy Baku” Mərakeşdə uğurla çıxış edir

“Synergy Baku” Mərakeşdə uğurla çıxış edir



Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” Mərakeşdə təşkil olunan ongünlük "Tour de Maroc” yarışında uğurlu çıxış edir.  

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Olimpnews.az"-a daxil olan məlumata görə, təmsilçilərimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 4-cü mərhələsini uğurla başa vurublar.

 Yığma komandamızın üzvü Kiril Pozdnyakov kifayət qədər çətin dağ yolu olan 191 km-lik marşrutu  5 saat 28 dəqiqə 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və birinci mərhələdə olduğu kimi, yenidən "solo-finiş” edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və beşinci mərhələyə lider köynəyi ilə başlayacaq.

"Synergy Baku”nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı” köynəyinə yiyələnib. Bütün bunlar komanda üzvlərimizin dördüncü mərhələnin yekununda üç dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib.

Bu gün keçiriləcək beşinci mərhələdə iştirakçılar 155 kilometr məsafə qət edəcəklər.

Mərakeş turu komandamız üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan” yarışına hazırlığın əsas hissəsini təşkil edir.