Elçin Əsədov Mərakeşdə mərhələ qalibi oldu

Elçin Əsədov Mərakeşdə mərhələ qalibi oldu



Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 7-ci mərhələsi də təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.

"Olimpnews.az” Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 184,5 km-lik marşrutun lap əvvəlindən irəli atılan Elit yığma komandamızın üzvü Elçin Əsədovun təqib qrupu ilə vaxt fərqi hətta müəyyən zaman kəsiyində 7 dəqiqədən də artıq olub. Bu üstünlüyünü sonadək qoruyan Elçin Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələnin qalibi olub. "Synergy Baku"nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla 7-ci mərhələni 3-cü yerdə bitirib. Yeri gəlmişkən, Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyini də özündə saxlayır.

Bu gün keçiriləcək 8-ci mərhələdə iştirakçılar 148,5 km məsafə qət edəcəklər. Xatırladaq ki, Mərakeş Turunun 1-ci və 4-cü mərhələsi Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb və hazırda idmançımız ümumi təsnifatda 3-cü yerdə qərarlaşıb.

Komandamızın uğurlu çıxışı mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının iştirakçı ölkələrindən olan Mərakeşdə Azərbaycanın daha geniş təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Bundan başqa, Mərakeş Turu "Synergy Baku" üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığın əsas hissəsini təşkil edir.