Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 10 günlük "Tour du Maroc” yarışına yekun vurulub. Velotur ölkəmizin "Synergy Baku” kontinental komandası üçün uğurla başa çatıb.
"Olimpnews.az" Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın 1-ci və 4-cü mərhələlərində qalib olan Elit yığma komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatda 3-cü yeri tutmaqla fəxri kürsüyə qalxıb. "Synergy Baku”nun daha 2 üzvü ilk 20-likdə yer alıb. Bunlar müvafiq olaraq 11 və 13-cü yerdə qərarlaşan Yosip Rumaç və 7-ci mərhələnin qalibi Elçin Əsədovdur. Samir Cəbrayılov isə sıralamada 25-ci yeri tutub.
"Synergy Baku”nın üzvü Yosip Rumaç yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı” köynəyinə sahib olub. 4-cü mərhələdən etibarən liderliyə yüksələn velosipedçimiz bu üstünlüyünü sonadək qorumağı bacarıb və cari mövsümdə komandasına ilk köynəyi qazandırıb.