Ölkəmizdə Olimpiya və qeyri-Olimpiya İdman növlərinə eyni şəkildə dövlət qayğısı göstərilir. Məhz buna görədir ki, qeyri-Olimpiya idman növləri üzrə keçirilən beynəlxalq yarışlarda da kifayət qədər uğurlarımız var. Beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran, himnimizi səsləndirən idmançılar arasında Babək Hüseynovun xüsusi yeri var. Sanda idman növü ilə məşğul olan həmyerlimiz dəfələrlə beynəlxalq yarışların qalibi olub. O, 10 qat Azərbaycan, 8 qat dünya çempionudur. Rinqdə idmançı kimi mübarizə aparan Babək həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirmələrinə bu qədim döyüş növünün sirlərini həvəslə öyrədir. Onun yetirmələri respublika çempionatlarında, beynəlxalq yarışlarda uğurla çıxış edir, mükafatlar qazanırlar.
«Qara bəbir» ləqəbi ilə tanınan bacarıqlı idmançı peşəkarlar arasında döyüşlərdə 2006-cı ildən iştirak edir. Elə həmin il İtaliyada kunq-fu-sanda üzrə peşəkarlar arasında keçirilən dünya çempionatında qızıl medal əldə edib. 2010-cu ildə qızıl kəmər uğrunda döyüşərək titulunu qoruyub. 2016-cı ildə Portuqaliyada təşkil olunan dünya çempionatında Babək Hüseynov bir daha fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. Ötən il İran İslam Respublikasında təşkil olunan beynəlxalq turnir də döyüşçümüz üçün uğurlu olub. O, bu yarışdan vətənə qızıl medalla qayıdıb.
Bu ilin aprel ayında Portuqaliyada keçirilən dünya çempionatında həmyerlimiz də iştirak edib. Bu yarışda dünyanın 70 ölkəsini təmsil edən sanda ustaları gücünü sınayıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Babək Hüseynov parlaq qələbə qazanmaqla növbəti dəfə dünyanın ən güclü döyüşçülərindən biri olduğunu sübut edib. Bu qələbə Babəkin əvvəlki titullarının heç də təsadüfən qazanılmadığının bariz nümunəsidir. Yarışla bağlı «Olimpnews.az» saytına məlumat verən istedadlı idmançımız qələbəsini aprel şəhidlərinin xatirəsinə həsr etdiyini dedi: «Portuqaliyada planetin ən tanınmış sanda ustaları yarışırdılar. Onların hamısı güclü, özünə güvənən döyüşçülər idi. Ümumiyyətlə, dünya çempionatlarında təsadüf idmançılar olmur. Bu yarışa yalnız güclülər qoşulur. Mən Portuqaliyada 4 rəqiblə döyüşdüm və qalib gəldim. Bu qələbə mənə növbəti dəfə dünya çempionu titulunu qazandırdı. Qələbəmi ötən il aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımıza həsr edirəm. Çalışdığım idarənin rəhbəri, yarışlarda iştirakım üçün mənə şərait yaradan Murad Babayevə minnətdaram. Murad müəllim hər zaman mənə diqqət göstərir, qayğı ilə yanaşır».
Bugünlərdə 34 yaşına qədəm qoyan Babək Hüseynovu qarşıda bir sıra beynəlxalq yarışlar gözləyir. O, bu ilin dekabr ayında peşəkarlar arasında kəmər uğrunda döyüşəcək. Əminik ki, «qara bəbir» Azərbaycanın üçrəngli bayrağını növbəti dəfə ən yüksəklərdə dalğalandıracaq, himnimizi səsləndirəcək.
Hürrü Abdullayev