Aprelin 27-də Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən "Yeni Sahil” İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə Qaradağ rayon açıq birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyası, "Bos Shelf” şirkətinin dəstəyi və "Qaradağ” gənclər və idman klubunun təşkilatçılığı ilə keçirilən yarışda 400-dən çox yeniyetmə idmançı qüvvəsini sınayıb.
Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Matvey Yelizarov çıxış ediblər.

Birincilikdə Gəncə, Qusar, Şirvan, Mingəçevir, Siyəzən, Bərdə, Ağdam, Sumqayıt cüdoçuları ilə yanaşı, Bakının 18 klubundan, eləcə də "Qaradağ” gənclər və idman klubunun qəsəbələrdə yerləşən 7 bölməsindən də idmançılar mübarizə aparıblar. Gərgin keçən yarışın yekununda Qusar komandası birinci pillədə qərarlaşıb. Gəncə idmançıları ikinci, Qaradağ rayonunun cüdoçuları isə üçüncü olublar. "Qaradağ” gənclər və idman klubunun direktoru Mobil Hüseynov keçirilən birincilik və klubun idmançılarının bu yarışda çıxışı ilə bağlı məlumat verdi: "Bu yarış ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilib. Birinciliyin təşkilində məqsəd yeniyetmə idmançılarımızı cüdo idman növünə daha da həvəsləndirmək, onların yarış təcrübəsini artırmaqdır. Bu gün cüdo ölkəmizdə populyar idman növərindəndir. Bu növ üzrə idmançılarımız ən mötəbər yarışlardan vətənə medallarla dönürlər. Əldə edilən uğurlar ölkəmizdə idmana göstərilən diqqət və qayğı sayəsində mümkün olub. Ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmanın inkişafı üçün hər cür şərait yaradılıb. "Qaradağ klubundan bu yarışda 60 idmançı çıxış etdi. Cüdoçularımızdan Murad İbrahimov (30 kq) qızıl, Ramin Məmmədov (34 kq), Seymur Sultanov (46 kq), Əli Məmmədov (24 kq) gümüş, Xosrov Mahmudzadə (34 kq), Elvin Quliyev (60 kq) bürünc medala layiq görüldülər. Yeniyetmə idmançılarımız qarşıdakı yarışlara hazırlığı bölgələrdə keçəcəklər. Yarışın təşkilində bizə dəstək olduqlarına görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyası və "Bos Shelf” şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onu da deyim ki, "Qaradağ” gənclər və idman klubu artıq iki ildir ki, fəaliyyət göstərir. Klubda cüdo ilə yanaşı, sambo, universal döyüş, M-1 idman növləri də tədris olunur. Əvvəlki illərlə müqayisədə idmançılarımızın sayı artıb və təmsilçilərimiz müxtəlif yarışlarda daha da uğurla çıxış edirlər. Məlumat üçün deyim ki, buyaxınlarda 5 idmançımız universal döyüş üzrə Qusarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə qüvvəsini sınayacaq”.
Qeyd edək ki, cüdo üzrə keçirilən Qaradağ rayon açıq birinciliyinin yekununda qaliblərə və onların məşqçilərinə pul mükafatı, digər yerləri tutmuş idmançılara diplom və medallar təqdim edilib. Yarışda fəallıq göstərib məğlub olan idmançılara isə həvəsləndirici hədiyyələr verilib.