“Eurosport” “Tour d’Azerbaycan-2017” turunu uğurlu layihə kimi dəyərləndirib

“Eurosport” “Tour d’Azerbaycan-2017” turunu uğurlu layihə kimi dəyərləndirib


Avropanın nüfuzlu idman kanalı "Eurosport” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2017” veloturu ilə bağlı statistik məlumatları açıqlayıb.

Nüfuzlu kanalın hesabatına görə, turun icmallarını fəal şəkildə izləyən tamaşaçıların sayı 16 milyona yaxın olub. Ümumilikdə isə "Eurosport” kanalına baxan 34,2 milyon tamaşaçı "Tour d’Azerbaïdjan-2017” ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarış haqda məlumat alıb. Diqqət çəkən əsas məqam veloturun 4-cü mərhələsinə digər yarış günləri ilə müqayisədə marağın daha çox olmasıdır. Əvvəlcədən də gözlənildiyi kimi, Ağsu dolaylarının marşruta əlavə edilməsi həm yarışın gedişinə, həm də izləmə sayına müsbət təsir göstərib.

"Eurosport" kanalının rəsmi internet səhifəsində yarışla bağlı məlumatları izləyənlərin sayı 1 milyonu keçib. Xüsusən, "Tour d’Azerbaïdjan-2017”ni izləmək üçün 5 səbəb” adlı yazıya fransız və ispan dilli oxucular tərəfindən böyük maraq göstərilib. Yeri gəlmişkən, iyunun 15-də Bakı vaxtı ilə saat 18:30-da "Eurosport-1” kanalında yarışla bağlı daha bir süjet efirə veriləcək və bu tamaşaçı sayının bir qədər də artacağı anlamına gəlir. "Eurosport” kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2017" veloturunu ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan yarışda 18 ölkədən 22 komanda mübarizə aparıb ki, onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektiv olub. Beş gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə ümumilikdə 836 kilometr məsafə qət ediblər.