Jurnalistlər velosiped yarışında güclərini sınadılar

Jurnalistlər velosiped yarışında güclərini sınadılar
22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası KİV nümayəndələri arasında velosiped yarışı keçirib. Olimpnews.az saytının məlumatına görə, 50-yə yaxın iştirakçının mübarizə apardığı yarış İsmayıllı rayonunda yerləşən "İsma Bikes” zavodu ərazisində baş tutub.

Yarış başlamazdan əvvəl mətbuat nümayəndələri "İSMA” velosipedlərinin istehsal edildiyi zavodla tanış olublar. Zavodun direktoru Elçin Qəhrəmanov Azərbaycanın ilk milli velosiped brendi olan "İSMA BİKES”ın istehsal prosesi barədə ətraflı məlumat verib və bildirib ki, illik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etsə də, cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb. Zavodda həvəskar və peşəkar idmançılar, eləcə də uşaqlar və qadınlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. Yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.


Mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, İsmayıllı Velosiped Zavodu istifadə etdiyi əsas komplektləşdirici materialların çoxunu Yaponiyanın məşhur "Shimano" şirkətindən alır. Bundan əlavə, zavod Tayvan, Malayziya, Çin və Bolqarıstanın müxtəlif müəssisələri ilə də sıx əməkdaşlıq edir. Zavodda Niderland, Türkiyə və Bolqarıstan avadanlıqlarından istifadə olunur. Zavoddakı "quru-toz” rəngləmə avadanlığı Türkiyə istehsalıdır. Avadanlıqlar və şərait ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. «İSMA BİKES" velosipedlərinin istehsalı eyni zamanda "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dəstək xarakteri daşıyır.


Sonra yarışa start verilib. Əvvəlcə media nümayəndələri 5 nəfərlik qruplarla zavod ətrafındakı 1,5 km-lik marşrut boyunca dövrə vurublar və yekunda ən yaxşı nəticə göstərən 10 iştirakçı yarımfinala vəsiqə qazanıb. Ardınca eyni reqlamentlə finalçılar müəyyənləşib və həlledici yürüşdə 5 nəfər mübarizə aparıb. Finiş xəttəni hamıdan tez www.xeberle.com saytının əməkdaşı Kamran Mustafayev keçib. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq "Space” və "CBC” telekanallarının nümayəndələri Fuad Atakişiyev (ötənilki çempion) və Feyruz Rəhimov tutublar.

Qalib və mükafatçılara Azərbaycan Velosiped İdmanı Federasiyası, İsmayıllı rayon İcra Hakimiyyəti və "Coca-Cola” şirkətinin hədiyyələri təqdim edilib. Bundan başqa, çempion olmuş Kamran Mustafayev İsmayıllı Velosiped zavodunun istehsalı olan "İSMA” velosipedi ilə təltif edilib.

Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ənənəvi hal alan yarışın qarşıdakı illərdə də təşkil ediləcəyini deyib.

Qeyd edək ki, yarışda saytımızı Rahib Səmədov və Cavid Fərzəliyev təmsil ediblər. Onlar, müvafiq olaraq, 4:04 və 4:38 dəqiqə nəticə ilə ilk "10-luğ"a düşə bilməyiblər.

Rahib Səmədov,
Bakı-İsmayıllı-Bakı