Bakıda FİDE-nin Prezident Şurasının iclası oldu

Bakıda FİDE-nin Prezident Şurasının iclası oldu

Mayın 5-6-da "JW Marriott Absheron Baku” hotelində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası keçirilib.
Şuranın işində FİDE-nin prezidenti Kirsan İlyumjinov, bir sıra ölkələrin şahmat federasiyalarının başçıları iştirak ediblər.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov açılışda çıxış edərək Azərbaycanda şahmatın inkişafından, idmanın bu növünə dövlət qayğısından danışıb. O, Azərbaycanda şahmatın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb.
FİDE-nin prezidenti Kirsan İlyumjinov Azərbaycanda şahmatın kütləviliyinin inkişafına və genişlənməsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək deyib: "Azərbaycan MDB-nin postsovet məkanında yeganə ölkəsidir ki, şahmatın inkişafına dair Dövlət Proqramı qəbul edilib. Azərbaycanda bu intellektual idman növü çox sevilir. Dövlət Proqramından irəli gələn məsələlərdən biri də şahmatın populyarlaşmasıdır ki, buna da Azərbaycanda rast gəlinir”.
Sonra FİDE-nin Prezident Şurası gündəlikdəki məsələlərin müzakirəsinə başlayıb. İclasda Londonda FİDE namizədlərinin sonuncu turnirinin yekunları, habelə Azərbaycanda 2015-ci ildə keçiriləcək Dünya kuboku yarışlarının, həmçinin 2016-cı il Ümumdünya Şahmat Olimpiadasının təşkilati planlarını və s. müzakirə edilib.
FİDE Prezident Şurasının üzvləri mayın 6-da Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər. Dünya kuboku yarışlarının keçiriləcəyi "Baku Crystall Hall” ilə tanış olduqdan sonra, Prezident Şurası iclasının yekunları ilə bağlı jurnalistlərlə görüş keçirilib. Mətbuat konfransında FİDE prezidenti Kirsan İlyumjinov, qurumun I vitse-prezidenti Georgios Makropulos, məsul işçilər İsrael Gelfer və Naycel Friman və digər qonaqlar iştirak ediblər. FİDE prezidenti çıxış edərək deyib: "Biz buraya Azərbaycan və AŞF rəhbərliyinin dəvəti ilə səfərə gəlmişik. Bu tədbir bui lə ərzində ikinci dəfədir ki keçirilir. İclasda FİDE-nin bütün qitələr üzrə rəsmiləri iştirak etdilər. Prezident Şurasının iclasında 50-dən artıq məsələ müzakirə olundu. Müzakirə obyektində əsasən dünya şahmat tacı uğrunda hindistanlı Vişvanatan Anandla norveçli Maqnus Karlsen arasındakı görüş olub. Bununla əlaqədar Hindistan Şahmat Federasiyası ilə FİDE arasında müqavilə bağlanıldı. Həmin görüş bu ilin noyabr ayında Hindistanın Cennay şəhərində keçiriləcək. Bundan başqa, digər yarışlar - qadınlar, uşaqlar arasında dünya çempionatları, Qran-Pri ilə əlaqədar Prezident Şurasında müzakirələr aparıldı. Əsas məsələlərdən biri də 2015-ci ildə Bakıda keçiriləcək Dünya kuboku və 2016-cı il Ümumdünya Şahmat Olimpiadası ilə bağlı oldu. Hesab edirəm ki, hər iki yarış əlamətdar olacaq. Həm mən, həm də Prezident Şurasının bütün üzvləri hazırlığın gedişindən razı qaldılar. Ümumiyyətlə, Azərbaycanda şahmata böyük diqqət yetirilir. FİDE-nin əsas proqramlarından biri "məktəblərdə şahmatın tədrisidir ki, Azərbaycan bu sahədə bir çox ölkələrə nümunədir. Gələcəkdə Bakıda tikiləcək Şahmat Sarayında Uşaq Şahmat Akademiyası, eləcə də Beynəlxalq Şahmat Akademiyası və Şahmat Muzeyi də fəaliyyət göstərəcək”. FİDE prezidenti və digər iştirakçılar 2015-ci ildə Bakıda keçiriləcək Dünya kuboku və 2016-cı il Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi üçün hər bir şəraitin olduğunu xüsusi vurğulayıblar.
Kirsan İlyumjinov "I Avropa Oyunla
rında idman növləri siyahısına şahmatın daxil edilə bilərmi?” sualına belə cavab verib: "Hələ Oyunların proqramına salınacaq bütün növlərin siyahısı rəsmiləşməyib. Bu barədə yekun qərar verilməyib. Biz Avropa Oyunlarında şahmatın salınması üçün ərizə vermişik və ümid edirik ki, qəbul olunacaq. Qeyd edim ki, 2 ay öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə görüşdə şahmatın proqrama salınacağına ümid etdiyimizi bildirmişdim”.
Məlumat üçün bildirək ki, Avropa Oyunlarının proqramına 17 Olimpiya və 2 qeyri-olimpiya növünün salınacağı nəzərdə tutulub.
Anar Əhmədov