Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına əsasən, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə ölkə çempionatı keçirilib. 2 gün davam edən yarışda müxtəlif klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.
Yarış iştirakçıları 500 m, 2 km və 3 km məsafəyə fərdi ötüşmə, həmçinin skretç növündə mübarizə aparıblar. Qızlar arasında Ayan Xankişiyeva həm 500, həm də 2 km məsafəyə fərdi ötüşmədə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U-15 yaş kateqoriyasında çıxış edən Nikita Sitov 500 metr və 2 km məsafələrə fərdi ötüşmədə birinci olsa da, 7 km məsafəyə skretç növündə Kamran Mirzəxanova güzəştə gedərək 2-ci yeri tutub. U-17 kateqoriyasında Nəcəf Bağırov 500 və 2 km məsafələrə fərdi, 7 km məsafəyə skretç yarışında hamıdan güclü olub. Gənclər arasında İvan Orlov 500 metr və 3 km-ə fərdi, 10 km məsafəyə isə skretç yarışında Azərbaycan çempionu adını qazanıb.
Mükafata layiq yerlər tutmuş velosipedçilər diplom və hədiyyələr, həmçinin pul mükafat ilə təltif ediliblər.
Yarışdan sonra yığma komandanın baş məşqçisi Aleksandr Averin öz fikirlərini bölüşüb: "Artıq mövsümə yekun vururuq və bu bizim cari ildə keçirdiyimiz son yarışdır. Azərbaycan çempionatının maraqlı edən daha bir məqam yarışın nəticələrinin Beynəlxalq Velosipedçilər İttifaqına (UCİ) göndərilməsidir. Yəni mükafata layiq yerlər tutmuş idmançılar bununla öz reytinqlərini xeyli artıracaqlar və bu da beynəlxalq yarışlarda iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır. Elə bunu nəzərə almaqla idmançıların bu yarışa necə önəm verdiyini hiss etmək çətin deyil”.