Bakıda BMX üzrə sınaq yarışları keçirilib

Bakıda BMX üzrə sınaq yarışları keçirilib



Gələn ilin iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında sınaq yarışı keçirilib. 
Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan C1 kateqoriyalı yarışda Türkiyə, Fransa, Yaponiya, Rusiya Federasiyası, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları qüvvələrini sınayıb.

Sınaq yarışında qaliblər 4 kateqoriya üzrə müəyyənləşib. Gənc oğlanların mübarizəsində Yaponiya təmsilçisi Asuma Nakay fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ciakomo Qarqaliya (İtaliya) 2-ci, İlya Beskrovnıy (Rusiya) isə 3-cü olub. Eyni kateqoriyada gənc qızlar arasında yenə də Yaponiya təmsilçisi fərqlənib. Sae Hatakeyama 1-ci, Varvara Ovçinnikova (Rusiya) isə 2-ci yeri tutub.
Elit kateqoriyada yarışan qadınlar arasında Rusiya təmsilçiləri hamıdan güclü olublar. Natalya Afremova 1-ci, Yaroslava Bondarenko 2-ci, Natalya Suvorova 3-cü yeri tutub. Kişi velosipedçiləein mübarizəsi isə Fransa təmsilçilərinin üstünlüyü ilə keçib. Mükafatalayiq yerləri Andre Silven, Romen Maye və Jeremi Renkurel tutublar.

Qaliblərə mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüzeynzadə, Prezident Administrasiyasının Gənclər və İdman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.
Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.