Cüdoçularımız “Böyük dəbilqə” turnirini 4 medalla başa vurublar

Cüdoçularımız “Böyük dəbilqə” turnirini 4 medalla başa vurublar

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, yarışda 47 ölkədən 277 idmançı (172 kişi, 105 qadın) mübarizə aparıb. Komandamız turnirdə 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.

Komandamız yarışın ilk günündə aktivinə bir medal yazdırıb. 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə gümüş medala layiq görülüb.

Yarışın ikinci günündə Rüstəm Orucov (73 kq) komandamıza növbəti medalı qazandırıb. Təmsilçimiz "Böyük dəbilqə”nin bürünc medalına sahib olub. Yarışın sonuncu günündə cüdoçularımız uğurla çıxış edərək iki medal qazanıblar. Qadınların yarışında 78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerskaya "Böyük dəbilqə” turnirində ikinci yeri tutub. Kişilərin yarışında 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev isə mötəbər turnirin bürünc medalına yiyələnib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə rusiyalı Aleksandr Roslyakovu məğlub edib.

Beləliklə, Azərbaycan millisi Abu-Dabi "Böyük dəbilqə” beynəlxalq turnirini iki gümüş və iki bürünc medalla başa vurub.