Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib. Olimpnews.az saytının məlumatına görə, yarışda birlik, birləşmə, hərbi hissələri təmsil edən 100-dək idmançı 7 çəki dərəcəsində mübarizə aparıb.
Çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər briqadası idarə edib.
Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman bölməsinin rəisi, polkovnik Sadiq Paşayev çempionatın açılışında çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu qeyd edib.
Digər çıxış edənlər bildiriblər ki, hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Qeyd olunub ki, ordu idmançıları cüdoya da böyük maraq göstərirlər və hər il davamlı yarışlar keçirilir, eləcə də idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edirlər.
Beynəlxalq dərəcəli hakim Fariz Hüseynov cüdo idman növü və yarışın qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib.
Silahlı Qüvvələrin cüdo birinciliyində iştirak edən 13 komanda arasında "Şəmkir”, "Beyləqan” və "Bakı” kollektivləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. Qaliblər medal, fəxri fərman və diplomlarla təltif olunublar.
Birinci yeri tutmuş komandaya keçici kubok təqdim edilib.