Velosiped məşqçilərinə sertifikatlar təqdim edilib

Velosiped məşqçilərinə sertifikatlar təqdim edilib


Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə təşkil edilən 1-ci dərəcəli texniki kursları uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik kurslar Respublika Velotrekində təşkil olunub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə təşkil edilən layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələləri Beynəlxalq Velosipedçilər İttifaqının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Jan Jak Anri aparıb. Layihədə ümumilikdə, 20 məşqçi iştirak edib və kursların yekunu olaraq iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub. Onların arasında "Olimpiya Hərəkatı-2017” layihəsinin məşqçiləri də var.