Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunan cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Komandamız yarışda 15 idmançı ilə təmsil olunub. Beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finala qədər Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edib. Həlledici görüşdə rusiyalı Səxavət Hacıyevə qalib gələn Azərbaycan cüdoçusu Avropa kuboku yarışında 1-ci yeri tutub.
Turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.
Beləliklə cüdoçularımız Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanaraq ümumi komanda hesabında 4-cü yeri tutub.