2018-ci ilin əvvəlində velosiped ictimaiyyətində önəmli hadisə baş verdi. Olimpnews.az saytının məlumatına görə, Gənclər və idman naziri Azad Rəhimovun əmri ilə Faiq Qurbanov Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə rəhbər təyin olundu. Yanvarın 8-də AzVİF-in inzibatı binasında GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov onu kollektivə təqdim etdi.
Olimpiya Velosiped Məktəbi Respublika Velotrekində yerləşir. SSRİ dağıldıqdan sonra baxımsız qalan və tədricən yararsız vəziyyətə düşən kompleks 2 il öncə federasiya tərəfindən əsaslı təmir olundu. İndi burada mənzərə göz oxşayır: idman qurğusu iş otaqları, velosipedlərin saxlanılması üçün anbarlar, yığma üzvlərinin hazırlıq prosesi üçün nəzərdə tutulan trenajor, fitnes, məşq, masaj, bərpa otaqları, həkim və nəqliyyatla təmin olunub. ROEİUGİM-də 14 mütəxəssis uşaq-yeniyetmələrə velosiped sürməyi öyrədir. Məşqlər pulsuz keçirilir, vətəndaşlar idman avadanlıqları ilə təmin olunurlar. Kompleksin həyətində qoşaçarxçıların asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulmuş futbol meydançası var. Velosiped Muzeyi də burada yerləşir.
Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov saytımıza açıqlamasında dedi ki, əsas məqsəd məktəblərdə maarifləndirməyə və kütləviliyə nail olmaqdır: «Velosiped idmanı çox faydalıdır. Məşğələlər uşaqların fiziki möhkəmliyi, immuninet artımı, ürək-damar, tənəffüs orqanları və ayaq əzələlərinin sağlam formalaşmasına kömək edir. Bu üzdən, orta məktəblərdə marağı artırmaq, gələcəkdə velosiped idmanının tədrisinə nail olmaq istəyirik. Bölgələrdə də iş gedir. Artıq Sumqayıtda məktəbimiz fəaliyyət göstərir. Qusar, Zaqatala, Gəncə, Lənkəran, Astara və Mingəçevirdə velosiped bölmələri açmağı planlaşdırırıq. Bizdə məşqlər pulsuzdur. Öyrənmək istəyənlər velosiped və digər idman avadanlıqları ilə təmin olunur. Respublika Olimpiya Velosiped Məktəbinin məqsədi Azərbaycan üçün istedadlı idmançılar yetişdirməkdir».
Qeyd edək ki, çalışmalar beynəlxalq dərəcəli məşqçilərin rəhbərliyi ilə həkim nəzarətində, sanitar və gigiyenik normalara uyğun şəraitdə keçirilir. Respublika Velotrekinin ünvanı Bakı şəhəri Moskva prospekti 3007-dir. Əlaqə nömrəsi: (+99412) 4047855.