BMX üzrə dünya çempionatını Bakı Media Mərkəzi yayımlayacaq

BMX üzrə dünya çempionatını Bakı Media Mərkəzi yayımlayacaq





Bu ilin iyun ayında velosiped idmanının BMX növü üzrə Azərbaycanda təşkil olunacaq dünya çempionatının canlı yayım çəkilişini Bakı Media Mərkəzi həyata keçiricək. 

Bu, idman həvəskarlarına "Baku BMX 2018” yarışını aparıcı idman kanalları vasitəsilə birbaşa izləmək imkanı verəcək.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı iyun ayının 5-9-da Bakı BMX Veloparkında baş tutacaq. Çempionatda planetin 50-dən artıq ölkəsindən təxminən 2 min velosipedçinin iştirakı gözlənilir.
Bakı Media Mərkəzi bu mötəbər beynəlxalq yarışın video və foto çəkilişlərini həyata keçirməklə yanaşı, DÇ-yə hazırlıq mərhələsində tanıtım çarxının çəkilişini və dünyanın aparıcı idman kanallarında yerləşdirilməsini də təmin edəcək. Əsas çəkilişlər 16 kameralı Səyyar Televiziya Kompleksi vasitəsilə aparılacaq. Bundan başqa, yarış zamanıdaha keyfiyyətli çəkilişlər aparmaq məqsədilə Mərkəzin yeni texniki qurğularından istifadə olunacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Şirkət bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin yayımının təşkil olunmasında geniş təcrübəyə malikdir.
Mərkəz bu vaxta qədər "Tour d’Azerbaidjan” velosiped turunun Bakıdan və bölgələrdən canlı yayımlarını təşkil edərək dünyanın idman həvəskarlarına bu mötəbər yarışı "Eurosport” kanalında birbaşa izləmək imkanı verib.