Аzərbаycаn pоlisinin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə DİN çempionatı keçirilib.
DİN İdman Cəmiyyətindən olimpnews.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib. DİN sədri çıxışında bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.
Qeyd edilib ki, ötən 100 ildə Azərbaycan polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirərək xalqın mənafelərini qoruması, müstəqillik illərində əldə etdiyi yüksək nəticələrlə hazırda ölkəmiz MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəricilərə malikdir.
Məlumat üçün bildirək ki, 100 ildən artıq tarixi olan cüdo idman növü Yaponiyada yaranıb və bu gün dünyada ən populyar idman növlərindəndir. Olimpiya idman növü olan cüdoda ölkəmizi sərhədlərimizdən kənarda uğurla təmsil edən idmançılarımız yetərincədir. DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıb.
Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Əlahiddə Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.
Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan K.Məmmədli (62 kq, DQ), R.Diniyev (66 kq, PA), F.Mikayılov (73 kq, Gəncə ŞBPİ), A.Fətullayev (81 kq, ƏÇPA), H.Cəbiyev (90 kq, ƏÇPA), K.Abdullaxanlı (100 kq, BMİ) və A.Mehrəliyev (+100 kq, ƏÇPA) yarışın baş mükafatına sahib olublar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov və polis kapitanı Əlişan Tunc iştirak edib.
Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olduğunu, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.
Sonda qaliblərə medallar, diplomlar vəqiymətli hədiyyələr təqdim olunub.