Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız mayın 5-6-da Türkiyənin Ordu şəhərində təşkil olunan yarışda uğurla çıxış ediblər.
"Olimpnews.az" xəbər verir ki, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.
Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib – o, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçib.
Heyətdə Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovun yer aldığı gənclər yığmamız isə qrup və kriterium ötüşmələrini komanda hesabında 3-cü yerdə başa vurub və çempionatın bürünc medalına layiq görülüb.