Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsi bölgələrdə davam etdirilir.
Artıq Mingəçevir şəhərində yarışa yekun vurulub.
Mingəçevir Şəhər Stadionunda 20 məktəbin komandasının iştirakı ilə keçirilən yarışın nəticəsinə əsasən 1-ci yerə 20 saylı, 2-ci yerə 11 saylı və 3-cü yerə 4 saylı orta məktəbin komandası layiq görülüb. Qaliblər kubok və diplomlarla təltif ediliblər.
Kütləvi idman tədbirlərinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir. Yarışlar Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı və Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi, "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Kütləvi idman tədbirinin final mərhələsi iyunun 2-də Veloparkda olacaq. Yarışlar Təhsil Nazirliyinin müvafiq əmri ilə 2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatına dəstək məqsədilə təşkil olunub.