Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 14-16 yaşlı idmançılar arasında cüdo idman növü üzrə "Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 9 çəki dərəcəsi üzrə 200-dək idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər.
Yarışın nəticələrinə əsasən, birinci yeri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub. Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası ikinci, "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası isə üçüncü yerə sahib çıxıb.
Qaliblər kubok və diplomla təltif olunublar.
Yarışın keçirilməsində əsas məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.