Leqniçada şahmat yarışı keçirilir

Leqniçada şahmat yarışı keçirilir


Mayın 4-də Polşanın Leqniça şəhərində şahmat üzrə fərdi Avropa çempionatı start götürüb. Çempionatda Azərbaycanlı idmançılar da iştirak edirlər. Onlar mayın 10-da keçirilmiş 9 görüşün 5-də qələbə qazanıblar.
Yarışdan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Polşa Şahmat Federasiyasının sədri Andjey Dadello, şahmat çempionatının təşkilatçısı Artur Çij, Azərbaycan Şahmat Federasiyasının məşqçiləri Lütfiyar Rüstəmov, Salman Süleymanov, Asif Həsənov, idmançılar, yerli mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar ulu öndərə həsr olunmuş "Əbədiyyət yolu” filminə baxıblar. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək iştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi dəyərli yol haqqında məlumat verib, onun ölkəmizin siyasi sabitliyinin təmin olunmasında atdığı addımlar barədə danışıb. Çıxışın sonunda Həsən Həsənov 10 may tarixində keçirilmiş şahmat üzrə fərdi Avropa çempionatında ən sürətli qələbə qazanan azərbaycanlı şahmatçı Vasif Durarbəyli və polşalı şahmatçı Radoslav Voytaşekə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90-illik yubileyi şərəfinə təsis olunmuş xatirə medalını təqdim edib. Onlarla yanaşı, 10 may tarixində qələbə qazanan Azərbaycan və Polşa şahmatçılarından Qjeqoj Qayevski, Qədir Hüseynov, Nicat Məmmədov, Bəhruz Rzayev, Zaur Məmmədov və Rauf Məmmədov da Heydər Əliyevin yubileyi şərəfinə təsis olunmuş medallarla təltif olunublar.
Tədbirdə həmçinin Azərbaycan və Polşa məşqçiləri Tomaş Deleqa, Lütfiyar Rüstəmov, Salman Süleymanov və Asif Həsənov səfirliyin xatirə medalı ilə təltif ediliblər.
Yarış mayın 17-də yekunlaşacaq.