Xəzər İsayev: “Qala-gecədə 4 nominasiya üzrə mükafat veriləcək”
14:39 30.05.2018
35359
"Ölkəmizdə bu ilin sentyabrın 20-27-də keçiriləcək cüdo üzrə dünya çempionatı çərçivəsində BƏOK-un qala-gecəsi təşkil olunacaq. Artıq BƏOK və Beynəlxalq Cüdo Federasiyası arasında bu istiqamətdə müqavilə imzalanıb.” Bu barədə məlumat verən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev qeyd edib ki, Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alan qurumlar mötəbər tədbirin təşkilini ölkəmizə həvalə ediblər. Artıq Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da bu barədə məlumatlıdır və qala-gecə haqqında fikir mübadiləsi də aparmışıq. Bu tədbir ölkəmizdə ikinci dəfə təşkil olunacaq. Bu da Azərbaycanın Ədalət prinsiplərinə sadiqliyinin nümunəsidir. Qeyd edim ki, qala mərasimdə 4 nominasiya üzrə mükafatlar öz sahibini tapacaq. Bunlar "Pyer-de-Kuberten”, "Jak Roqq”, "Con Barotra” və "Villi Daum” mükafatlarıdır. Qeyd edim ki, bu nominasiyalar üzrə mükafatları almaq üçün müxtəlif ölkələrdən 41 namizəd müraciət edib. BƏOK tərəfindən artıq qaliblərin adları müəyyənləşib. Bu mükafatlarsa öz sahiblərinə sentyabr ayında Bakıda təqdim ediləcək.