Hər bir insanın qəlb evində müqəddəs, ülvi hiss vardır. Bu vətənə, dogma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən bir hissdir və bu hiss yurdun qorunmasında, müdafiəsində daha qabarıq şəkildə özünü göstərir. Qədim dövrlərdən xalqımızın mərd oğulları vətənin azadlığı uğrunda xarici düşmənlərə qarşı igidliklə vuruşmuş, ana torpagı qorumaq üçün canlarını belə əsirgəməmişlər. Qarabağ uğrunda aparılan müharibə göstərdi ki, Azərbaycanda minlərlə belə igidlər var. Onlardan biri də Fəxrəddin Şahbazovdur. Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində anadan olub. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil alıb. 1969-cu ildə hərbi xidmətə çağırılıb və 1971-ci ildə ordudan tərxis edilib. Fəxrəddin 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il fasiləsiz olaraq operator kimi fəaliyyət göstərib. O, vətənpərvər, doğma yurdunu, torpağını ürəkdən sevən bir vətəndaş idi. 1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxartması hər bir azərbaycanlı kimi, Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər, qaynar döyüş meydanlarından reportajlar hazırlayar və onları xalqımıza, eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq, o, döyüş bölgəsinə getməkdən çəkinmirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 1991-ci il noyabrın 20-də dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər. Onların arasında operator Fəxrəddin Şahbazov da var idi. Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə tutdular. Vertolyot yerə düşərək parçalandı bütün heyət həlak oldu. Fəxrəddin də şəhidlik zirvəsinə ucaldı. Bu igid, vətənpərvər eloğlumuz ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Fəxrəddin Şahbazov haqqında daha ətraflı məlumat almaq üçün onun həyat yoldaşı Nəsibə Şahbazova ilə görüşdük. Nəsibə xanım ona ünvanladığımız sualları səmimi şəkildə cavablandırdı.
- Nəsibə xanım, bilirik ki, şəhidlik zirvəsinə ucalan həyat yoldaşınız barədə danışmaq sizin üçün heç də asan deyil. İstərdik ki, onun haqqında danışasınız.
- Düz deyirsiniz, Fəxrəddin barədə danışmaq, həmin ağrılı- acılı günləri yenidən xatırlamaq mənim üçün çox çətindir. Fəxrəddin həm gözəl ailə başçısı, həm yaxşı insan, həm də qayğıkeş bir dost idi. O, uşaqlarını çox sevirdi. Körpələrinə o qədər bağlı idi ki, hətta evə yorğun gəlməsinə baxmayaraq, mütləq onlarla oynayardı. Bir şeyi qeyd etmək istəyirəm ki, o, təkcə öz uşaqlarını deyil, bütün uşaqları sevirdi. Fəxrəddinlə bir yerə gedəndə onu mütləq uşaqların arasında tapırdıq. Tanıdığı-tanımadığı uşaqları başına yığıb onlara maraqlı şeylər danışardı. İnanın ki, bütün gününü uşaqlarla keçirməkdən yorulmazdı. Ailə başçısı kimi çox gözəl bir insan idi. Onun yoxluğu məni çox incidir. Bəzən özüm də inana bilmirəm ki, Fəxrəddin bir daha qapını açıb içəri girməyəcək.
- Deyirlər ki, yaxşı ata həm də yaxşı oğul deməkdir. Yəni, öz övladlarına isti münasibət göstərən ata valideynlərinə də bu cür münasibət bəsləyir.
- Bəli, bu heç də elə-belə deyilən ifadə deyil. Fəxrəddin yaxşı ata olmaqla bərabər, həm də yaxşı oğul idi. Tam səmimi deyirəm, bir çox ailələrdə olmuşam, hələ valideynlərinə belə münasibət göstərən övlada rast gəlməmişəm. Mənim heç yadımdan çıxmaz, Fəxrəddinin atası rəhmətə gedəndən sonra, anası iflic oldu. İnanın ki, Fəxrəddin stulları anasının çarpayısının yanında düzüb, oradaca yatırdı. Bir gün dedim ki, sən gəl, bu biri otaqda yat, qapını açıq qoyaq. O, buna razı olmadı. Dedi ki, birdən anam məni çağırar, eşitmərəm. Mən həmişə fikirləşirdim ki, övladda valideynə qarşı bu boyda məhəbbət olarmı? Hədsiz dərəcədə sevirdi valideynlərini. Mənə elə gəlir ki, Fəxrəddinin gözəl ata olması məhz onun tərbiyəli, qayğıkeş bir övlad olmasından irəli gəlirdi.
- Həyat yoldaşınız xaraktercə necə bir insan idi?
- Fəxrəddin xaraktercə sakit, həlim bir insan idi. İşini bitirdikdən sonra evə gələr və dincələrdi. O vaxtlar biz üç ailə bir mənzildə yaşayırdıq. Fəxrəddinin qardaşı öz ailəsi ilə, bizim ailə və qayınatamla, qayınanam. Bu qədər adamın bir yerdə yaşamasına baxmayaraq qonaqlarımız da çox olurdu. Biz də tez-tez qonaq gedirdik. Fəxrəddin həm də utancaq idi. Tədbirlərdə, şənliklərdə iştirak etməyi xoşlamazdı. Belə yerlərə çox zaman o, dostlarının təkidi ilə gedərdi. Vaxtının çox hissəsini evdə keçirməyə üstünlük verərdi. Bəzən mən xahiş edirdim ki, gəl, bir az gəzməyə çıxaq. Sözümü yerə salmazdı. Rəhmətlik evdə olanda çoxlu kitab oxuyardı. Fəxrəddin hərtərəfli adam idi. Bilirsiniz, bizim evdə nə qədər kitab var idi. O, həmişə cild-cild kitablar gətirərdi. Biz evimizi təmir edəndə kitabların çoxunu hədiyyə etməyə məcbur oldu. Çünki yerimiz yox idi. Ümumiyyətlə, mütaliəni çox sevərdi. İndi bizə gələnlər kitabları görəndə soruşurlar ki, hardan əldə etmisən bu qədər kitabı? Deyirəm ki, bunlar mənim deyil, Fəxrəddinindir. Həyat yoldaşım uşaqlarımız üçün də kitablar alardı. Bir şeyi də deyim ki, Fəxrəddin həm də çox səliqəli insan idi. Çox sevərdi ki, kitabları rəflərə rənglərinə uyğun düzülsün. Məsələn, yaşıl rəngli kitablar bir sırada, qırmızı rənglilər bir sırada və s.
- İşinə qarşı məsuliyyətli idi? - O, öz peşəsini çox sevərdi. Çəkdiyi verilişə baxmamış evdən çıxmırdı. Harda olursa-olsun, öz verilişlərinə baxmağı xoşlayırdı ki, görsün çəkdiyi necə çıxıb. Efirə getdikdən sonra verilişini təhlil edər, öz-özünə deyərdi ki, bunu belə etməli idim, bunu belə çəksə idim daha yaxşı alınardı. Öz işinə qarşı çox tələbkar idi. Mən sevinirəm ki, qızlarımız da ataları kimi məsuliyyətlidirlər.
- Fəxrəddin daha çox nəyi xoşlayırdı?
- Dənizi çox sevirdi Fəxrəddin. Adətən, ürəyi sıxılanda, dərd, əzab ona güc gələndə Xəzərin sahillərinə gələr, sulara tamaşa edərdi. Yox, sadəcə, tamaşa eləməzdi, söhbətləşərdi dənizlə...Hava azacıq qızan kimi, Fəxrəddini dəniz kənarında görmək olardı. Tez-tez idmançı dostları ilə dənizə dincəlməyə gedirdi. Saatlarla Xəzərin qoynundan ayrılmazdı. Sahildən tapdığı iri, yaraşıqlı balıqqulaqlarını yığıb saxlayardı.
- Uşaqlarınızdan hansı görnüşcə və ya xaraktercə atasına daha çox oxşayır?
- Onu deyim ki, Səbinə və Əminə adlı iki övladımız var. Səbinə həm görünüşcə, həm də xaraktercə atasına bənzəyir. Bunu tək mən demirəm. Bizi tanıyanların çoxusu deyir ki, Səbinə, elə bil atasının oxşarıdır. Əminə isə, görnüşcə mənim anama çox bənzəyir. Amma o da xaraktercə eynən atasıdır: sakit, hər şeyi əvvəldən fikirləşən. Səbinədə də var o xüsusiyyətlər.
- Övladlarınız atalarını xatırlayırlarmı?
- Uşaqlar çox şeyləri xatırlayırlar. Bəlkə də, atalarını az görəcəklərini əvvəlcədən bildiklərinə görə, onunla bağlı çox şeyi yaddaşlarına yazıblar. Bir gün rəhmətliyin iş yoldaşlarından biri ilə görüşdük, salamlaşdıq. Ayrılandan sonra Səbinə belə dedi: "Atam da belə geyinirdi, eləmi? O da belə sadə idi? Mə atamı belə təsəvvür edirəm”.
- Nəsibə xanım, söhbət geyimdən düşmüşkən, Fəxrəddinin öz geyiminə, sizin geyiminizə münasibəti necə idi?
- Bahalı paltarı çox xoşlamazdı. Ancaq zövqü çox gözəl idi. Paltarları öz zövqünə uyğun alardı. Elə kişilər var ki, yoldaşı onun üçün paltar alır. Amma Fəxrəddin belə deyildi. Mən nadir hallarda onun üçün nəsə alardım. Yəni o, öz zövqünə uyğun geyinərdi. Dəbdə olan, amma ona yaraşmayan paltarı heç vaxt geyinməzdi. Qəribə bir xasiyyəti var idi: köynəkləri köhnələndə onu atmamışdan qabaq üzərindəki düymələri yığardı. Yeni köynək alandan sonra onun düymələri xoşuna gəlmirdisə, köhnə düymələri anasına verirdi ki, təzə köynəyinə tiksin. Mənim geyimimə gəldikdə isə, yeni bir şey alanda geyinərdim, deyərdi ki, dur uzaqdan baxım. Əgər hər ikimizin ürəyincə olsa, onu geyinərdim. "Yox mən bunu istəyirəm, hökmən belə olacaq” kimi ifadələr bizim evdə heç vaxt səslənməyib. Bir şeyi alanda məsləhətli alardıq.
- İki övladınız var. Onları atalarına layiq övlad kimi böyüdə bilmisinizmi?
- Hər bir ana üçün tərbiyəli, savadlı, vətənpərvər övlad tərbiyə etmək böyük şərəfdir. Düzdür, övladlarımı böyütmək üçün çox əziyyət çəkmişəm, amma həmişə çalışmışam ki, balalarım Fəxrəddin Şahbazova, onun soyadını daşımağa layiq övladlar olsunlar. Bir ana kimi balalarımı korluq çəkməyə qoymamışam. Amma onların gözündə həmişə ata nisgili görmüşəm. Atalarının həyatda olmamasına baxmayaraq, övladlarım şəhidlik zirvəsinə ucalan ataları ilə həmişə fəxr edirlər.
Fəxrəddində əsl azərbaycanlı kişilərə məxsus mərdlik, qeyrət var idi. Ehtiyacı olan insanların qayğısına qalır, onların təəssübünü çəkirdi. Nahaq işlərə yaman əsəbiləşirdi. Bir qadın, bir həyat yoldaşı kimi onu itirmək mənim üçün çox ağırdır. Amma o, mənim xəyallarımda həmişə sağdır. Çünki şəhidlik zirvəsinə ucalanlar heç vaxt ölmürlər, həmişə xalqın yaddaşında qalırlar. Fəxrəddin həmişə mənimlədir, ailəsinin, doğmalarının yanındadır. Ailədir də, çətin günlərim çox olub. Atasız iki uşaq böyüdüb tərbiyə etmək asan məsələ deyil.
- Fəxrəddin övladlarını hansı peşə sahibi kimi görmək istəyirdi?
- Yadımdadır, birinci qızımız dünyaya gələndə o, çox sevinirdi. Elə anasının adını da ona qoydu. Səbinə anadan olanda isə Fəxrəddin bibisi ilə xaricdə idi. Bibisi evə zəng edib ki, uşaqla bağlı xəbər bilsin. Amma görünür, telefonda səs yaxşı eşidilmədiyindən səhvən oğlan olduğunu başa düşüb. Sevinə-sevinə gedib ki, Fəxrəddini muştuluqlasın. Diktorlardan isə, səhv etmirəmsə, Tamilla xanım, ya da Natavan xanım əvvəlcədən ona demişdi ki, qızın olacaq. Ona görə bibisi oğlan xəbərini gətirəndə Fəxrəddin hökmən deyib ki, yox, qız olmalıdır. Özü evə zəng edib öyrənib ki, qızdır. Sonra aramızda bu barədə söhbət düşəndə deyirdi ki, Səbinə həm mənim qızım, həm də oğlumdur. Fəxrəddin istəyirdi ki, Əminə böyüyəndə həkim olsun. Amma Səbinəni oğlan kimi böyütmək istəyirdi. O, Səbinənin özü kimi idmançı olmasına çalışırdı. Deyirdi ki, qızım böyüyəndə onu özümlə idmana aparacağam.
- Yeri gəlmişkən, Fəxrəddin yaxşı operator olmaqla bərabər həm də, yaxşı idmançı idi...
- Bəli. Mütəmadi olaraq idmanla məşğul olurdu. Həmişə evə gəlib, istirahət etdikdən sonra idmana gedirdi. Ağır atletika ilə məşğul olurdu.
- Övladlarınız atalarının yoxluğunu hiss edirlərmi?
- Hər zaman çalışmışam ki, onların bütün problemlərini həll edim. Bəzən elə olub ki, qiymətli əşyamı satıb onların istəklərini yerinə yetirmişəm ki, atalarının yoxluğunu hissə etməsinlər. Amma bəzən mənəvi cəhətdən bunların öhdəsindən gəlmək olmur. Bir gün Fəxrəddinin bir dostu ailəsi ilə birlikdə bizə qonaq gəlmişdi. O, qızımızı dizinin üstündə oturtmuşdu. Lakin öz qızı gəlib atasına etiraz etdi ki, onu qucağına alsın. O da bizim qızımızı düşürdüb, öz övladını qucağına aldı. Bu zaman qızımın üzünə baxdım, gördüm ki, övladım çox pis olub. Hiss etdim ki, o inciyib. Həmişə deyirdim ki, Fəxrəddin sağ olsaydı, belə şeylər olmazdı.
- Ailənizdə Fəxrəddinin adını daşıyan varmı?
- Bəli. Bir nəvəmə onun adını qoymuşuq.
- Şəhidlər xiyabanını tez-tez ziyarət edirsiniz?
- İmkan olduqca onun qəbrini ziyarət edirəm. Böyük qızım tez-tez atasının qəbrini ziyarət edir. Çox vaxtlar qızıma deyirəm ki, qəbir üstünə gedəndə mənə də de. Amma o, bunu istəmir. Mənə deyir ki, səninlə gedəndə atamla söhbət edə bilmirəm. İstəyirəm ki, atamla tək qalım, onunla söhbət edim. Bu isə məni çox incidir. Düşünürəm ki, axı onun nə problemi var ki, mənimlə bölüşmək istəmir. Belə şeylər həmişə məni sıxır. Belə məqamlarda Fəxrəddinin yoxluğunu hiss edirəm.
- Fəxrəddinin ölüm xəbərini eşidəndə hansı hisslər keçirdiniz?
- Həmin anları xatırlayanda sanki dünya mənim üçün dayanır. Yadımdadır ki, həmin gün ezamiyyətdən təzə gəlmişdi. Ona zəng gəldi, harasa getməyini xahiş etdilər. O isə etiraz etmədi və razılıq verdi. Amma getməyə də bilərdi. Çünki o, ezamiyyətdən 3 gün olardı ki, gəlmişdi. Fəxrəddin belə adam idi. Heç nəyə etiraz etməzdi. Mən ondan getməməyi xahiş etdim. Fəxrəddin mənə dedi ki, tez qayıdacaq, saba saat 5-də evdə olacaq. Mən ondan hara getdiyini soruşanda cavab verdi ki, Şamaxıya gedib, qayıdacaq. Səhəri gün evdə idim. Televizorumuz isə xarab olmuşdu. Demişdi ki, ezamiyyətdən qayıtdıqdan sonra düzəltdirəcək. Həmin gün nədənsə onun dostları evə zəng edib Fəxrəddini soruşurdular. Öz-özlüyümdə şübhələndim ki, bunlar niyə belə Fəxrəddinlə çox maraqlanırlar. Sonra onun qohumu zəng edib Fəxrəddini soruşdu. Mən isə dedim ki, ezamiyyətdədi. Həmin adam mənə Fəxrəddinin qəzaya uğradığını bildirdi. İnan, həmin an hansı halda olduğumu təsəvvür edə bilmirəm. Tez qonşugilə düşdüm. Mən içəri girəndə televizorda vertolyot qəzasında həlak olmuş insanların adlarının siyahısı açıqlanırdı. Operator Fəxrəddinin adı deyiləndə birinci inanmadım. Çünki, həmin vaxt televiziyada Fəxrəddin adında iki operator işləyirdi. Lakin Şahbazov deyiləndə mən artıq özümdə deyildim. Bir azdan qapımızda çoxlu maşın dayandı. Hamısı onun dostları idi. Mən onun ölümünə inana bilmirdim. Lakin onun yaxın bir dostu Fəxrəddinin həqiqətən şəhid olduğunu dedi. Fəxrəddinlə dostu bir yerə gedəndə əşyalarını tez-tez dəyişərdi. Dostu mənə dedi ki, ezamiyyətə gedən vaxt qayışlarını dəyişiblər. Elə onun cəsədi həmin kəmərdən tanınmışdı. Həm də evdən çıxan vaxt onun əynində idman gödəkçəsi var idi. Fəxrəddinin cəsədi yanmış vəziyyətdə idi. Əynində olan gödəkcə və həmin qayış bu cəsədin Fəxrəddinə aid olduğunu təsdiq edirdi.
- Ölümündən sonra Fəxrəddin Şahbazova Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Milli Qəhrəman adı verildi...
- Bəli. Qarabağın dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə yetirərkən igidlik və şücaət göstərdiyinə görə Fəxrəddinə Milli Qəhrəman adı verildi. Bu, bizi sevindirməyə bilməz.
Fəxrəddinin qardaşı Şəmsəddin də onunla bağlı xatirələrini bizimlə bölüşdü.
- Qardaşınızı necə xatırlayırsınız?
Fəxrəddin mərd, sözü üzə deyən bir insan idi. Çalışardı ki, hər bir işdə bacardığı qədər insanlara kömək etsin. Bir qardaş kimi deyə bilərəm ki, o qeyri-adi insan idi. Onu dostlarından bir köməyə çağıranda böyük məmnuniyyətlə gedərdi.
- Fəxrəddinin ölüm xəbəri...
- O günü çox dərin kədərlə xatırlayıram. Həmin gün sulu qar yağırdı. Fəxrəddinin ölüm xəbərini eşidəndə buna inanmağım gəlmirdi. İnana bilmirdim ki, Fəxrəddinin olduğu vertolyot partladılıb. Həmin an hadisənin baş verdiyi yerə getmək olmurdu. Lakin sonradan xəbər gəldi ki, orada olan insanların içərisində Fəxrəddin də var. Onun cəsədi kürəyi yanmış vəziyyətdə hadisə yerindən 30 metr aralıda tapılmışdı.
- Sizcə, onu döyüş bölgəsinə aparan hansı hisslər idi?
- O dövrlərdə operatorların əksəriyyəti bülletenlə evdə otururdu. Amma onu evdə saxlamaq olmurdu. Hər zaman ona deyirdim ki, Fəxrəddin, sənin uşaqların var, döyüş bölgəsinə getmə. Bir şeyi qeyd etmək istəyirəm ki, onun gözləri zəif gördüyündən ordudan tərxis edilmişdi. Bütün bunlara baxmayaraq, vətən sevgisi onun üçün hər şeydən üstün idi. Vətənin dar günündə cəbhə bölgəsinə getməyi özünə borc bilirdi. Baş verən hadisələri kənardan izləmək istəmirdi.
- Fəxrəddin əvvələr də döyüş bölgəsində olmuşdumu?
Bəli. O, döyüş bölgələrinə tez-tez gedərdi.
- Döyüş bölgəsindən qayıtdıqdan sonra şahidi olduğu hadisələr barədə sizinlə söhbət edərdimi?
- Xeyr. Fəxrəddin qapalı insan idi. İşdə olan söhbətləri, o cümlədən döyüş bölgəsində gördüklərini heç vaxt evdə danışmazdı.
- Orta məktəb illərində necə oxuyardı?
- Orta məktəb illərində davamiyyəti yaxşı idi. Lakin idmanla məşğul olduğundan müəyyən dərslərə marağı yox idi. İctimai yönümlü elmləri çox sevirdi. Daima yeniliklər axtarışında idi. Onu da deyim ki, fars dilini öz gücünə öyrənmişdi. Bu dildə sərbəst danışırdı. Məktəbi bitirdikdən sonra o, Neft Texnikumuna qəbul olundu.
- Fəxrəddinə ölümündən sonra Milli Qəhrəman adı verilməsini ailəniz üçün təsəlli saymaq olarmı?
- Fəxrəddinə verilən dəyərə görə hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bu, dövlətimizin vətən uğrunda həlak olmuş şəhidlərə verdiyi böyük dəyərdir. Fəxrəddin kimi insanlar heç vaxt unudulmayacaqlar. Bizə təsəlli verən Fəxrəddinin vətən torpaqları uğrunda şəhid olmasıdır.
- Nəyə görə məhz ağırlıqqaldırma idman növünü seçmişdi?
- Fəxrəddin öz peşəsində birinci olduğu kimi, idmanda da yaxşı nailiyyətlər qazanmışdı. O, idman ustası adına tez bir zamanda yiyələndi. Bu da onun idmana olan böyük marağından irəli gəlirdi. O vaxtlar döyüş növləri daha dəbdə idi. Gənclərin əksəriyyəti məhz döyüş növlərinə maraq göstərirdilər. Respublika çempionatlarında həmişə mükafatçılar sırasında yer alırdı. Daha sonralar o klassik güləşlə də məşğul olurdu.
- Bildiyimizə görə, hər il onun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnir keçirilir.
- Onun xatirəsini əbədiləşdirmək, onu unutmamaq bizim borcumuzdur. Fəxrəddinin xatirəsinə hər il ağır atletika üzrə açıq turnir təşkil olunur. Təşkilatı işlərdə əlimdən gələni əsirgəmirəm.
"Olimpiya dünyası” qəzeti, 2014