Bu yaxınlarda İraq Olimpiya Komitəsinin maliyyə işləri üzrə müdiri, İraq Velosiped İdmanı Federasiyasının baş katibi, Asiya Olimpiya Komitəsinin mətbuat üzrə nümayəndəsi Əhməd Səbri Bakıda olub. Təcrübəli mütəxəssis paytaxtımızda olduğu müddətdə redaksiyamızın da qonağı olaraq, gəlişinin səbəbi barəsində "olimpnews.az” saytına müsahibə verib. O, ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitdən məmnun qaldığını bildirib. Əhməd Səbri ilə müsahibəni oxucularımıza təqdim edirik. - Əhməd bəy, ölkəmizə xoş gəlmisiniz. Paytaxtımıza gəlişinizin əsas səbəbi ilə bağlı oxucularımıza məlumat verərdiniz?
- Bakıya səfər etdiyim üçün çox məmnunam. Burada bizi xoş qarşıladılar. Doğrudan da, qonaqpərvər insanlarınız var. Paytaxtınıza gəlişimin əsas səbəbi idmançılarımızın buradakı təlim-məşq toplanışı ilə əlaqədardır. Avqustun 18-dən sentyabrın 2-dək İndoneziyada Asiya Oyunları təşkil olunacaq. Komandamız bu yarışlara hazırlaşır. Bir sözlə, gəlişimizin də əsas səbəbi komandamızı həmin yarışa daha yaxşı hazırlaşdırmaqdır. Buyaxınlarda ağırlıqqaldırma və atletika üzrə yığma komandalarımız təlim-məşq üçün Bakıya gəlib. Onlar burada təlim-məşq prosesində iştirak edirlər. Ağırlıqqaldıranlarımız "Zirvə” idman klubunda, atletlərimiz isə Tofiq Bəhramov adına respublika stadionunda hazırlıq keçirlər.
- Hazırlıq prosesi və Bakıdakı idman qurğuları sizi qane edirmi?
- Buna qədər komandamız IV İslam Həmrəyliyi Oyunları ərəfəsində də Bakıda hazırlıq prosesi keçmişdi. Həmin hazırlıq çərçivəsində bir sıra idman zallarında olduq. Azərbaycanda yaradılan idman infrastrukturu, hərtərəfli şərait bizi çox qane etmişdi. Bir sözlə, Bakını IV İslam Həmrəyliyi Oyunlarından sonra yeni bir idman ölkəsi kimi kəşf etdik. Qərara gəldik ki, budəfəki hazırlığımızı da Bakıda təşkil edək. Buradakı arenalar, idman zalları bizim üçün çox əlverişlidir. İdmançılarımız da burada hazırlıq keçməkdən çox məmnundurlar. Atletlərimiz Bakıda özlərini çox rahat hiss edirlər.
- Maraqlıdır, əvvəlki illərdə komandalarınız əsasən, hansı ölkələrdə hazırlıq keçib?
- Əvvəlki illərdə təlim-məşq toplanışı üçün əsasən, Türkiyə və İrana üstünlük verirdik. Hazırlıqlarımızı demək olar ki, elə bu ölkələrdə təşkil edirdik. Lakin Bakıdakı idman qurğularında və zallarında yaradılan şəraiti gördükdən sonra təlim-məşq toplanışlarımızı burada keçirməyi qərara aldıq. Qeyd etdiyim kimi, komandalarımız bir sıra ölkələrdə təlim-məşq toplanışlarında iştirak edib. Digər ölkələrdəki hazırlıqların heç biri, Bakıdakı toplanış qədər səmərəli olmayıb. Hər şeydən çox razı qaldıq. Bizi Bakıda çox gözəl qarşıladılar. Demək olar ki, bütün məsələlərdə bizə köməklik göstərildi. Bizim üçün yaradılan şəraitə, göstərdiyiniz qonaqpərvərliyə və köməyinizə görə minnətdarlığımızı bildirirəm.
- Asiya Oyunlarına qədər daha hansı yığma komandalarınız Bakıda hazırlıq keçəcək?
- Yarışların başlamasına hələ 2 aya yaxın vaxt qalıb. Bu müddət ərzində ağırlıqqaldıranlarımız və atletlərimizdən əlavə, digər növlərlə məşğul olan idmançılarımız da Bakıya gələcəklər. Boksçularımızın da burada hazırlıq keçməsini planlaşdırırıq. Demək olar ki, 12-yə yaxın boksçumuz Bakıda olacaq. Bağdada qayıtdıqdan sonra həmin idmançıların siyahılarını yenidən nəzərdən keçirəcəyik. Bundan başqa velosipedçilərimiz, üzgüçülərimiz və həndbolçularımız da Bakıda hazırlıq keçəcəklər. Yalnız avarçəkmə millimiz hazırlığını Fransada davam etdirir. Avarçəkənimizin məşqçisi fransalı mütəxəssis olduğu üçün idmançını da özü ilə həmin ölkəyə aparıb.
- Mingəçevirdə avarçəkmə idman növünün inkişafı üçün çox gözəl şərait yaradılıb. Xarici ölkələrin idmançıları hazırlıqlarını əsasən bu şəhərdə keçirlər...
- Düzünü desəm, Mingəçevir barəsində o qədər də çox məlumatım yox idi. Bakıya gəldikdən sonra buradakı idman infrasturukturları ilə tanış oldum. Mənə burada Mingəçevirdəki "Kür” Olimpiya və Avarçəkmə Mərkəzi barədə məlumat verildi. Oradakı şərait məni çox qane etdi. Yəqin ki, avarçəkmə üzrə növbəti təlim-məşq toplanışlarımızı Mingəçevirdə təşkil edəcəyik.
- Asiya Oyunlarında komandanız neçə idman növündə çıxış edəcək?
- Bu Oyunlarda komandamız 7 idman növü üzrə mübarizə aparacaq. Hesab edirik ki, İraq idmançıları onlara bəslənilən ümidləri doğruldacaqlar.
- Qarşıdakı illərdə Azərbaycan və İraq idmançıları arasında tərəfdaş kimi yarışların keçirilməsi gözlənilirmi?
- Düzünü desəm, bu barədə memorandum imzalanmayıb. Lakin biz çox istəyərdik ki, bu iki dövlət arasında yaxınlıq, dostluq əlaqələri hər zaman möhkəm olsun. Təbii ki, düşünürük ki, gələcəkdə bir turnir təşkil edək. Bu yarış boks idman növü üzrə ola bilər. Bizim üçün belə yarışların təşkil olunması təcrübə baxımdan çox gözəl vasitədir. Biz bu tərəfdaşlıqdan çox məmnun olarıq.
Azər Əlizadə